Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələr üçün dərnək yaradılacaq

251

“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması”layihəsinin icrasına başlayır.

Bu barədə Sosialmedia.az-a Birliyin rəhbəri Zeynəb Hacıyeva məlumat verib.Onun sözlərinə görə, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin formalaşmasında və inkişafında incəsənətin müxtəlif növünü özündə birləşdirən müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin yaradılmasıdır.İnnovativ dərnəklər bədii incəsənətin (musiqi,rəqs və s.), təsviri incəsənətin (rəngkarlıq, qrafika və s.), dekorativ- tətbiqi incəsənətin (keramika,aplikasiya,ebru və s.) bolmələrini əhatə edəcəkdir.

Dərnəklərə ən ağır şəraitdə yaşayan ailələrdən olan 10 uşaq və 10 yeniyetmə cəlb olunacaq. Bu uşaq və yeniyetmələr ailə başçısı itirilmiş, valideynləri müxtəlif ağır xəstəlikdən əziyyət çəkən, şəhid, qaçqın və diğər kateqoriyalı ailələrdə yaşayan 6-18 yaş arası müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlardı. İnnovativ dərnəklərə bu insanların cəlb olunması onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində böyük əhəmiyyət daşıyacaqdır.İncəsənətin müxtəlif növlərini özündə birləşdirən dərnəklərdə bu insanların gördükləri xırda bir iş onların kiçik motor bacarığının inkişafına böyük dəstək vermiş olacaqdır.

Dərnəklərə ixtisaslaşmış mütəxəssislər cəlb olunacaq.Təlimlər həm müəssisə daxili,həm də kənar yerlərdə təşkil olunacaqdır.Layihə çərçivəsində mütəxəssislər tərəfindən valideynlərə təlimlər keçiriləcəkdir.Layihə 3 ay müddətinə Sumqayıt şəhərində icra olunacaqdır.Layihənin sonunda uşaqların əl işlərindən ibarət sərgi təşkil olunacaqdır.Layihənin icrası bitdikdən sonra təlimlənmiş Valideyn Qrupu və könüllülər əldə etdikləri biliklərini daha çox valideyn və uşaqlara tətbiq edəcəklər.