Abşeronda silsilə tədbirlər keçirildi

80

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Abdullayev Vüsal Şakir oğlunun əvvəllər yaşadığı evinə gedərək ailəsini ziyarət edib.

Axar.az xəbər verir ki, şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaqdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.

Şəhid ailəsinin yaşadığı evin şəritsizliyi və təmirsizliyi nəzərə alınaraq mənzildə əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Şəhidin ailə üzvləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını hiss etdiklərini deyərək Ali Baş Komandana və hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Salahov Nicat Fikrət oğlunun anadan olmasının 22-ci ildönümü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev və şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Anım tədbiri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.