Tarixi Zəfərimiz dünya azərbaycanlılarını Şuşada bir araya gətirdi

75

Artıq ikinci ilini qeyd etdiyimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın, o cümlədən Azərbaycan diasporunun tarixində əhəmiyyətli yer tutur. Xalqımızın birliyi, həmrəyliyi, Azərbaycan diasporunun güclü təşkilatlanması, həqiqətlərimizin təbliğində fəal iştirakı tarixi Zəfərimizdə öz sözünü dedi. Müharibənin başlandığı ilk gündən dünya azərbaycanlılarının fəallığının, yaşadıqları ölkələrdə çoxsaylı tədbirləri, aksiyaları təşkil etdiklərinin şahidi olduq.
Nəzərə alsaq ki, döyüş meydanında üstünlük qazanmağımızda diplomatik mübarizədə əldə etdiyimiz uğurlar əhəmiyyətli rol oynadı, bu halda diasporumuzun rolunu qeyd etməyə bilmərik. Ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən bəhs edərkən diaspor quruculuğunu vacib amil kimi diqqətə çatdırırdı. O da məlumdur ki, dünya azəbaycanlılarının birliyinə, həmrəyliyinə yönələn ilk qərar Ümummilli Liderin Naxçıvan MR Ali Məclisinin sədri olduğu dövrdə qəbul edilib. Belə ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci ildə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib, həmin günün hər il bütün ölkədə dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırıb.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb edilir. Onun təşəbbüsü və Sərəncamı əsasında 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və bu tarixi hadisə soydaşlarımızın birliyinin, həmrəyliyinin əsası oldu.
2003-cü ildən Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gətirilməsi üçün qoyulan ənənəni davam etdirərək Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsini təmin etdi. Hər bir qurultay arxada qalan dövrün təhlili və prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu ilin mühüm hadisələri sırasında Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayının keçirilməsini xüsusi qeyd etməliyik. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirən Zəfər Qurultayında diasporumuzun son illərdə, o cümlədən 44 günlük İkinci Qarabağ müharibəsi zamanı gördüyü işlər təhlil olundu, tarixi Zəfərimizin yaratdığı reallıqların soydaşlarımızın qarşısına hansı vəzifələri qoyduğu geniş müzakirə edildi.

Zəfər Qurultayındakı nitqi ilə Zəfərimizi 50 milyonluq Azərbaycan xalqının yenilməzlik rəmzi adlandıran Prezident İlham Əliyev bildirdi ki, bundan sonra azərbaycanlılar müzəffər xalq kimi əbədi yaşayacaqlar: “Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.” Dövlət başçısı bu məqamı da xüsusi qeyd etdi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir: “Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün.”
Proqram xarakterli çıxışında soydaşlarımıza tövsiyələrini çatdıran, onları böyük qüvvə kimi dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdən kənarda Azərbaycanın maraqlarının müdafiə edilməsi dövlətimizi daha da gücləndirir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizin qürurunu yaşayır, yeni reallıqların həyata keçirilməsinə öz töhfəsini verməyə səy göstərir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın döyünən ürəyi Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən səsləndirdiyi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, həmçinin “Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!” fikirlərinin hər biri bugünümüzə və gələcəyimizə çağırış, birliyimizin, həmrəyliyimizin sarsılmazlığına inamın ifadəsidir. Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalı, qalib Azərbaycanın tarixi Zəfərimizin fonunda daha möhtəşəm uğurlara imza atmasına dəstək olmalıyıq.