Cəsarət Hüseynzadə: QHT-nin keçirdiyi tədbirdə yeni və orginal bir fikir səslənmirsə, media o tədbirdən nə yazsın?

246

Dövlət və qeyri-dövlət qurumları, o cümlədən şirkətlər hər zaman media ilə əməkdaşlığa can atır, münasibətləri pozmamağa çalışır, xüsusilə də barələrində müsbət xəbərlər yazılmasına çalışırlar. Təbii ki, bu, heç də asan başa gəlmir və istəklər heç də hər zaman həya keçmir. Bir çox hallarda media dövlət və qeyri-dövlət təşkilatlarına tənqidi münasibət bəsləyirlər. QHT-lər də zaman-zaman medianın hədəfinə çevrilirlər. Başqa sözlə desək, QHT-lər media ilə əlaqələrini yoluna qoymağa, əlaqələri gücləndirməyə çalışdığı halda, hədəfə çevrilirlər. QHT-media əməkdaşlığındakı boşluqlara, onların aradan qaldırılması üçün atılması gərəkən addımlara aydınlıq gətirmək üçün QHT və media nümayəndələrinin fikirlərini öyrəndik.

QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə hesab edir ki, vətəndaş cəmiyyəti institutları olan media və QHT nəticə etibarı dövlətin və cəmiyyətin inkişafı ilə bağlı eyni məqsədlərə xidmət edirlər: “Hər iki sektorunun fəaliyyətində oxşar və fərqli cəhətlər olsa da mahiyyət baxımdan media və QHT-lər bir-birini tamamlamalı və eyni tərəfdə olmalıdırlar. Əks halda uğurlu nəticələrdən danışmaq mümkün deyil. Sözsüz ki, bu əməkdaşlıq modelində problem var, amma bu o demək deyil ki, yaxşı nümunələr mövcud deyil. Hesab edirəm ilk öncə aydınlaşdırmaq lazımdır ki, QHT –media əməkdaşlığı hansı situasiyalarda baş tutur.

– QHT sədrlərinin ekspert qismində mediaya çıxışı. Hazırda QHT sədləri ölkə mediasında ekspert qismində çıxış edən ən aktiv şəxslər sayılır. Televiziya kanalları, print və onlayn medianın ən çox müraciət etdiyi şəxslər məhz QHT sədrləridir. Bir çox hallarda hətta bu sahədə çatışmazlıq da var. Bu çatışmazlığı arandan qaldırlması üçün ixtisaslaşmamaış və peşəkar QHT-lərin sayının çoxalmasına ehtiyac var. Bu əməkdaşlıqda media daha çox maraqlıdır. Çünki media subyektinin planlaşması və məhsulun hazırlanması bu əməkdaşlığı labüd edir. QHT sədrinin də bu əməkdaşlıqdan qazancı var. Fərdi və təmsil etdiyi QHT-nin təbliğatı aparılır və gələcək əməkdaşlıqlar üçün yeni körpülər yaranır.

– Əlamətdar günlər ərəfəsində QHT – media əməkdaşlığı. Bu əməkdaşlıq adətən müxtəlif əlamətdar günlərdə baş verir. Həm media və həmçinin QHT-lər bu günlərlə bağlı xüsusi planlaşdırmalar aparılır. Bu əməkdaşlıq adətən hər iki tərəfin maraqlarına xidmət etdiyi üçün çox vaxt uğurlu alınır.

– QHT-lərin həyata keçirdiyi tədbirlər və layihələr ilə bağlı əməkdaşlıq. Layihə fəaliyyətlərinin mətbuatda işıqlandırlması ilə bağlı QHT-lərin öhdəlikləri olduğu üçün bu istiqamətdə əməkdaşlığa daha çox QHT-lər maraqlıdırlar. Media isə bu əməkdaşlığı adətən kommersiya maraqları çərçivəsində həyata keçirməyi təklif edir. Ən çox problemlərin yarandığı məqam məhz layihələrin işıqlandırlması ilə bağlıdır. Əlbəttə, hər iki tərəfin haqlı olduğu məqamlar da var. Problem ondan ibarədir ki, QHT-nin keçirdiyi tədbirdə yeni və orginal bir fikir səslənmirsə, yeni faktlar və rəqəmlər göstərilmirsə, monitorinq nəticələri açıqlanmırsa, təkliflər irəli sürülmürsə media o tədbirdən nə yazsın? Məncə problemin açar nöqtəsi buradadır. Qeyd olunan məqamların hər hansına toxunulsa, hesab edirəm bir çox media subyekti QHT-nin həyata keçirdiyi layihələrə diqqət ayıracaq”.

C.Hüseynzadəyə görə, layihələrin mətbuatda işqılandırılması ilə bağlı QHT Agentliyi tərəfindən ilkin baxışlar var: “Hesab edirəm ki, ikin mərhələ üçün bu müsbət addımdır. Mətbuatla iş üçün müəyyən vəsait də ayrılması məcburi tələbə çevrilib ki, QHT-lər hansısa formada medianın əməkdaşlıqdan imtina etməsini bəhanə gətirməsinlər. Yaxın müddətdə media subyektlərinin reyestri aparılacaq. Bu prosesin QHT-lərin media ilə əməkdaşlığa təsiri olacaq. Bu baxımdan hesab edirəm ekspertlər çərçivəsində bu məqamlar da müzakirə edilə bilər.

Fikrimcə problemin bir kökü də ixtisaslaşmış jurnalistikanın zəif olması ilə bağlıdır. Sahəvi jurnalistika inkişaf edərsə, media nümayəndələri özü də media əlaqələri zəif olan, lakin kiçik icmalarla uğurlu iş quran QHT-ləri üzə çıxararaq, onların uğur hekayələrini yaza bilər.

Bu problemi biz öncədən də görürdük və bu səbəbdən 7 il öncə QHT.az saytını yaratdıq. QHT.az-ın informasiya dəstəyi ilə onlarla yeni yaranan QHT-lər, koalisiyalar, QHT sədrləri cəmiyyətdə tanındı və uğurlu layihələrini ictimaiyyətə təqdim etdilər. Çox təəssüf ki, QHT.az heç bir dövlət qurumundan və özəl sektordan dəstək almır. Vətəndaş cəmiyyəti üzrə ixtisaslaşmış portal olaraq, maraqlı ideya və fəaliyyət planımız olsa da bu planları reallşadırmaq üçün maddi dəstəyimiz mövcud deyil. QHT ilə bağlı xəbərlərin də auditoriyası çox kiçikdir və biznes maraqlarını cəlb edə bilmir. Hesab edirəm ki, QHT strateji sahə olduğu üçün, bu sahədə informasiya mühitinin inkişafına dövlətin dəstəyi olmalıdır”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.