İctimai şura əlilliyi olan miqrantlar üçün məlumatlandırıcı tədbir keçirib

817

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupu əlilliyi olan miqrantlarla bağlı tədbir keçirib.

Sosialmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İctimai Şuranın üzvü Səbinə Kərimova rəhbəri olduğu işçi qrupu barədə danışıb və bildirib ki, ölkə ərazisində yaşayan əcnəbilərdən tibbi məsələlərlə bağlı daxil olan müraciətlərin düzgün istiqamətləndirilməsi, həmin kateqoriyadan olan şəxslərin tibbi və sosial xidmətlərə çıxışının təmin olunması, bu kimi məsələlərdə onlara zəruri dəstəyin göstərilməsi miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupunun əsas fəaliyyət istiqamətləridir.

Yuxarıda qeyd olunan fəaliyyətlərin effektiv həyata keçirilməsi miqrantların hədəf qrupları ilə sıx əlaqələrin qurulması və onların bu sahədə ehtiyaclarının mütəmadi olaraq öyrənilməsini zəruri edir. Bu zərurətdən irəli gələrək əlilliyi olan şəxslərin və onların ailə üzvləri olan miqrantların bir qrupu ilə maarifləndirici tədbir keçirilib.

Şura üzvü bildirib ki, hazırda dünyada 10 milyona yaxın vətəndaşlığı olmayan şəxs var. Hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir. Müəyyən olunmuş qaydalara riayət etməyən şəxslər qanunsuz miqrant vəziyyətinə düşə bilərlər. Qanunsuz miqrant isə hər zaman mütəşəkkil cinayətkar qrupların hədəfində olurlar.

Danılmaz faktdır ki, dünyanın bir çox ölkələrində qanunsuz yaşayan miqrantlar zaman-zaman cinayətkar qrupların qurbanlarına çevrilirlər. Bu qruplar onları istismar edir və yaxud da ən ağır və alçaldıcı işlərdə işləməyə məcbur edirlər. Bu cür işlər əsasən “çirkli”, çətin və əksər hallarda sağlamlıq üçün zərərli olur, həmin şəxsləri xoşagəlməz hallarla üz-üzə qoyur. Bu vəziyyətə düşən şəxslər vaxt itirmədən yerli hakimiyyət orqanlarına, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəliyinə və yaxud Azərbaycanın səfirliyinə müraciət etməlidirlər.

Tədbirdə qeyd olunub ki, son zamanlar Rusiyadan Azərbaycana gələn miqrant axını daha intensiv xarakter almağa başlayıb. Rusiyadan gələn miqrantların əksəriyyəti bu ölkənin vətəndaşı olsa da, əsasən etnik azərbaycanlılardır. Amma buna baxmayaraq həmin şəxslərin ölkə ərazisində qalması mövcud miqrasiya qaydalarına uyğun olmalıdır. Məhz qanuni əsaslarla yaşayan şəxslər tibbi, sosial və digər təminatlardan istifadə edə bilərlər.
Tədbir sonunda iştirakçılar tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb.