Layihənin icrasına Lerik rayonundan start verilib

101

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi layihənin ilkin mərhələsi Lerik rayonundan start götürüb.

Sosialmedia.az xəbər verir ki, “Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində nəzərdə tutulduğu kimi ilk gün Lerik rayonunun orta məktəblərindən olan qızlar üçün peşə təhsilinə dair seminar keçirilib. Ekspert, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri İradə Əlili peşə təhsili, onun növləri və seçimi, peşə təhsilinin əhəmiyyəti barədə çıxış edib, sonra müxtəlif peşələrə yiyələnməklə uğur qazanan insanların taleyindən bəhs edən video-çarx nümayiş olunub.

Daha sonra Lerikə ezam olunan layihə heyəti Peşə Məktəbində olub, burada keçirilən dərslərlə tanış olub və tələbələrlə geniş müzakirə aparılıb.

Növbəti gün isə iqtisadçı-ekspert Rəşad Həsənov tərəfindən özünüməşğulluğa cəlb olunmaq istəyən qadın və qızlar üçün təlim keçirilib. Təlimdə özünüməşğulluq proqramı, proqrama qoşulmaq yolları, ölkəmizdə aparılan özünüməşğulluq siyasəti və həyata keçirilən sahibkarlığa dəstək proqramları barədə ətraflı məlumat verilib. Təlim iştirakçılarına layihə çərçivəsində hazırlanan maarifləndirmə materialları paylanılıb.

Qeyd edək ki, həyata keçirilən layihə çərçivəsində əsas məqsəd cənub regionunda məktəbdə oxuyan şagirdlərin peşə təhsili barədə maarifləndirilməsi və peşə sahib olmağa yönləndirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadın və qızların özünüməşğulluğa cəlb olunmasıdır. Bu tədbirlər eyni zamanda erkən nikahın qarşısının alınması, qadınların müstəqil olaraq qazanc əldə edərək iqtisadi asılılığının aradan qaldırılmasına dəstək göstərmiş olacaq.