Sumqayıtda tələbələr üçün insan alveri mövzusunda təlim keçirildi

259

İnsan alveri cinayəti 21-ci əsrdə əksər dünya ölkələrində müasir mütəşəkkil cinayətkar qruplar tərəfindən ən müxtəlif formalarda həyata keçirilən və maddi gəlir əldə etmək məqsədilə törədilən ağır cinayətlərdən biridir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsi çərçivəsində təlim keçirildi.

Sosialmedia.az xəbər verir ki, təlimi birliyin sədri, layihə rəhbəri Zenfira Mustafayeva açaraq iştirakçılara layihə barədə geniş məlumat verdi.

Təlimin keçirilməsində əsas məqsəd tələbələrə insan alveri və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi barədə geniş məlumat verməkdir.

Gənc tələbələr üçün təşkil olunan təlimdə insan alverinin formaları, cəlbetmə üsulları, insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının və QHT-lərin rolu barədə məlumat verilmişdir.

Təlimdə ekspert qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Fariz Namazlı və bu sahədə təlimçi qismində fəaliyyət göstərən Günel Ələkbərova çıxış etdilər.

Təlimdə iştirak edən Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbələri və Sumqayıt Dövlət Universitetinin tələbələri təlimin sonunda sertifikatlar ilə təltif olundular.