“Ziyalı Ocağı” İctimai Birliyi “İşğal” adlı sənədli filmi geniş ictimaiyyətə təqdim etdi

154

“Ziyalı Ocağı” İctimai Birliyi “İşğal” adlı sənədli filmi geniş ictimaiyyətə təqdim etdi
Oktyabr ayının 27-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” adlı layihə çərçivəsində “İşğal” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi Azərbaycan Dillər Universitetində reallaşdırılıb.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri İlahə Əliyeva tədbiri giriş sözü ilə açaraq, iştirakçılara layihə ilə bağlı müfəssəl şəkildə məlumat verdi. O bildirdi ki, “layihə çərçivəsində lentə aldığımız bu sənədli filmdə son 30 ildə işğalçı Ermənistanın ölkəmizə qarşı yürütdüyü mənfur siyasətlə bağlı informasiyalar toplanaraq, izləyicilərə çatdırılmağa səy göstərilib.

İşğaldan azad olunan torpaqlarımızda vandallıq aktları həyata keçirən qəsbkar Ermənistanın iç üzünün, əsl simasının tanıdılması istiqamətində bu film mühüm əhəmiyyət kəsb edir. Ümidvarıq ki, torpaq oğrularının, uşaq qatillərinin, cinayətkar işğalçı ünsürlərin, habelə, müharibə cinayətlərinə əl atan bir ölkənin –Ermənistanın beynəlxalq məhkəmələr qarşısında məsuliyyətə cəlb olunmasının zamanıdır. Yalnız ədalət təcəlli tapdığı təqdirdə dünyanın sülhsevər xalqlarında Avropa demokratiyasının mövcudluğuna qarşı inam artar”.

Çıxış üçün söz alan “Ziyalı Ocağı” İctimai Birliyinin sədr müavini İsrafil Hüseynov bildirdi ki, 28 il bir müddətdə qəsbkar Ermənistanın amansız işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız İlham Əliyevə və onun igid əsgərlərinə minnətdarlıq borcumuz vardır.

“Gənclərimiz tariximizi yaxşı bilməli, dövlətimizi və onun ərazilərini, hüdudlarını mənfur qonşularımızın xəbis niyyətlərindən qorumalıdırlar. Qonşularımızı yaxşı tanımalıyıq. Bu bizə gələcəkdə keçmişdə yaşadıqlarımızın bir daha təkrarlanmamasına kömək edər. Bu qəbildən olan filmlər ümid edirik ki, vətəndaşlarımızı düzgün istiqamətə yönləndirəcəkdir”.

Layihənin eksperti Rəsul Mirhəşimli öz çıxışı zamanı bildirdi ki, “İşğaldan azad olunmuş ərazilərimizdə heç bir yaşayış məntəqəsi erməni vandallığından kənarda qalmayıb. Daş-daş üstündə qalmayıb. Təbii ki, dövlətimiz o əraziləri yenidən dirçəldəcəkdir, vətəndaşlarımızı abad və inkişafda olan qədim və tarixi yurd yerlərimizə yerləşdirəcəkdir. Amma düşmənlərimzi olduğu kimi tanımaq mütləq haldır. Sizə təqdim etdiyimiz bu günkü sənədli film məhz bu aspektə köklənmişdir”.

Sonra tədbir iştirakçıları “İşğal” adlı sənədli filmi izləməyə dəvət edildilər. Film auditoriyada rəğbətlə qarşılandı.

Sonda iştirakçılarla bərabər xatirə şəkilləri çəkdirildi.