DTX-nin “Zəfər” və “Qarabağ” ordenli əməkdaşlarının sayı – Əli Nağıyev açıqladı

225

“Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir. Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları sırasındadır”.

Sosialmedia.az bildirir ki, Bunu “Azərbaycan” qəzetində yazdığı məqalədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, DTX-nin fədakar əməkdaşlarının da danılmaz payı var.

“Haqq savaşımızın başlandığı ilk gündən etibarən DTX-nin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərimizin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələrimizi qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra edib.

Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının “Zəfər”, 11 əməkdaşının “Qarabağ” ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapır. Qürurla bildiririk ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli idarəçiliyi altında Dövlət Təhlükəsizliyi Xidməti düşmənin ölkəmizin ərazisində törətmək istədiyi terror-təxribat planlarının və niyyətlərinin qarşısının alınması istiqamətində bütün qüvvə və vasitələrini səfərbərliyə almaqla ordumuzun qalibiyyəti üçün həvalə olunmuş səlahiyyətlər çərçivəsində hərtərəfli dəstək göstərmiş, Ali Baş Komandanın bütün göstəriş və tapşırıqlarını peşəkarlıqla yerinə yetirib.

Bununla yanaşı, Ermənistandan Azərbaycana qarşı kiber məkanda və informasiya təhlükəsizliyi sahəsində də genişmiqyaslı təhdidlər olmuş və dezinformasiya fəaliyyəti aparılıb, belə cəhdlərin də qarşısı uğurla alınaraq, düşmənə qarşı əks həmlələr müvəffəqiyyətlə həyata keçirilib. Vaxtında əldə olunmuş kəşfiyyat məlumatları düşmənin əks-hücumlarının qarşısının alınmasında, Silahlı Qüvvələrimiz tərəfindən uğurlu hərbi əməliyyatların keçirilməsi və ayrı-ayrı yaşayış məntəqələrimizin az itki ilə düşməndən azad edilməsində həlledici rol oynayıb”,-deyə Əli Nağıyev yazıb.