Bərdədə narkotikə görə 8 nəfər saxlanıldı

165

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və quldurluq əməli törətməkdə şübhəli bilinən ümumilikdə 8 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Sosialmedia.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum edilmiş İsmayıl Həmidov saxlanılıb. Onun üzərində aparılan şəxsi baxış zamanı polietilen bükümlərdə qablaşdırılmış təmiz çəkisi 2 kiloqram 235 qram olan heroin və təmiz çəkisi 540 qram olan marixuana aşkar edilərək götürülüb. İ.Həmidovun əlbir olduğu şəxs və ya şəxslərin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri ardıcıl tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər də saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində ümumilikdə 4 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa rayon ərazisində qadına qarşı quldurluq əməli törədən 1 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.