Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub- Özəl

184

Sosialmedia.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin məşğulluğuna dəstək göstərilməsi işləri davam edir.

“Böyük Qayıdış”ın ilk iştirakçıları olan Ağalı kənd sakinlərindən artıq 100 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 69 nəfəri Agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Həmçinin kənddə artıq 10 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb.

Kənd sakinlərindən 21 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstək məqsədi daşıyan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı Ağalı kəndində də icra olunur. Bir qrup kənd sakini həmin proqrama cəlb olunub və onların əməkhaqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.