Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası barədə mətbuat məlumatı- Özəl

136

Sosialmedia.az xəbər verir ki, 8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib. İclasda XİN-in kollegiya üzvləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

İclasın əvvəlində qardaş Türkiyənin Kahramanmaraş və digər ətraf bölgələrində baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə xarici siyasət sahəsində yaranmış yeni reallıqlar və çağırışlar barədə danışıb, 2022-ci il ərzində intensiv xarici siyasət fəaliyyətinin əsas elementləri barədə müfəssəl məlumat verib. Beynəlxalq münasibətlər sistemində hazırkı böhran şəraitində ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasətin uğurla həyata keçirildiyi bildirilib.

Nazir dünya dövlətləri ilə həm ikitərəfli formatlarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görülmüş aktiv işlərin, ölkəmiz tərəfindən irəlilədilən beynəlxalq və regional təşəbbüslər və platformaların əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin daha da canlandırılmasının əhəmiyyəti qeyd olunub. Nazir bu vəzifələrin icrası məqsədilə peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsinin zəruri olduğunu bildirib. 2022-ci il ərzində müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın namizədliklərinin müvafiq vəzifələrə seçilməsi üzrə uğurlu kampaniyalar barədə məlumat verilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İclas zamanı, həmçinin aidiyyəti sahələr üzrə XİN-in struktur bölmə rəhbərləri tərəfindən hesabatlar və 2023-cü il üzrə planların təqdimatı edilib və müfəssəl müzakirələr aparılıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, ikitərəfli komissiyaların iclaslarının daha praktiki və nəticə-yönümlü olması istiqamətində iş aparılması, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının araşdırılması və s. istiqamətlərdə prioritetlər vurğulanıb. Ölkəmizin Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilat və platformalarda sədrliyinin 2023-cü il üzrə planları, keçiriləcək tədbirlər barədə məlumat verilib.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Tədbirlər Planı”nın icrası iclasın gündəliyinin əsas məsələlərindən olub.

İclas zamanı, XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkili və bu istiqamətdə gələcək işlər müzakirə edilib. Kadrların ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib. Bununla yanaşı, 2022-ci il ərzində 20 diplomatik nümayəndəlik üzrə rəhbər təyinatlar həyata keçirildiyi qeyd olunub.

Diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən əməkdaşların maddi-sosial və pensiya təminatlarının yaxşılaşdırılması məqsədilə “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə iclas zamanı məlumat verilib.