ƏƏSMN yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN-ÖZƏL

289

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilər keçiriləcək.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Nazirlik yanında İctimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 23.01.2023-cü il tarixindən 25.02.2023-cü il tarixinədək Nazirliyin Seçki Komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair” Əsasnamənin 2.11-ci bəndinə əsasən vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

– şəxsiyyət vəsiqəsinin surətini;

– namizədin tərcümeyi-halını;

– namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;

– mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

İctimai şuraya seçki 2023-ci ilin 29 mart tarixində saat 10:00-13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcək.

Əlavə məlumat əldə etmək üçün (012) 526 01 01 (dax: 1903) nömrəli telefonla əlaqə saxlamaq olar.