Azərbaycanın tanınmış və ilkə imza atan qadınları – ÖŹƏL

190

Sosialmedia.az// Azərbaycan qadınları hər zaman mübarizliyi, fədəkarlığı ilə seçilib.

Qədim Azərbaycan tayfalarından olan massagetlərin məşhur qadın hökmdarı, sərkərdə Tomrisdən başlamış, ilk diplomat qadın kimi tanıdığımız Sara Xatuna qədər yüzlərlə ad çəkmək olar ki, onlar xanımlarımızın nəyə qadir olduğunu ortaya qoyub.

Məhsəti Gəncəvi. Məhsəti Gəncəvi XI əsrin sonları-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairidir. O, ilk məşhur Azərbaycan şairi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçidir. Onun ilk qadın bəstəkar olduğu ehtimal olunur.

Xurşidbanu Natəvan. XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub. O təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

Xurşidbanu Natəvan Şuşada “Məclisi üns” ədəbi məclisinin təşkilatçısı olub. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirib.

Züleyxa Seyidməmmədova. O, Azərbaycan SSRİ ictimai təminat naziri, ilk azərbaycanlı qadın təyyarəçi, II Dünya müharibəsində hərbi təyyarəçi olub. Kapitan Züleyxa Seyidməmmədova 1938-ci ildə imtahan verərək Moskvada Jukovski adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.

O, ikinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. O, sosial tәminat naziri postunda çalışan ilk qadın nazir olub.

Ayna Sultanova. İctimai-siyasi xadim Ayna Sultanova Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı, “Şərq qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri vəzifələrində çalışıb.

1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.

Qəmər Salamzadə. 1908-ci ildə anadan olan Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər Salamzadə şair Əliqulu Qəmküsarın qızıdır.

Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onların emalatxanasında rejissorluq sənətini öyrənib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da 30-cu illərin repressiyaları onun geniş fəaliyyət göstərməsinə mane olub.

Şəfiqə Axundova. O, Şərqdə ilk opera yazan bəstəkar qadındır. Azərbaycanın xalq artisti Şəfiqə Axundova 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq tərəfindən çox sevilir.