Torpağın oyanışını xəbər verən sonuncu çərşənbə-ÖZƏL

191

Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır. Bu bayramında qapı pusmaq, sübh tezdən bulaqdan su gətirmək, tonqalın üstündən tullanmaq, papaq atmaq kimi bir çox adətləri var.

Axırçərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.

İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, yazın gəlişi, təbiətin oyanmasının nişanəsi — səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir.

Ən mühüm ayinlər axşam vaxtlarında icra olunur. Üzərlik, tonqallar yandırılır və “ağırlığım-uğurluğum odda qalsın” deyilir. Çox vaxt nişanlı qızlar tonqalın ətrafında dövrə vurur və deyirlər ki, “sizi görüm alovlu-ocaqlı olasınız”. Yəni həmin insanların xoşbəxtolma arzuları ön plana çəkilir. Un çuvalının ağzı açıq qalır ki, bərəkət paylananda bağlı qalmasın.
İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq.

İlaxır çərşənbədə havanın necə asılı olmasıdan asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir.

Səbinə Kərimova

Sosialmedia.az