Şəhid Rəşad Quliyevin ailəsinə baş çəkilib-Özəl

127

“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”
İctimai Birliyi
Şəhid Rəşad Quliyevin ailəsinə baş çəkib.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə icra edir.

Layihə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edərək Zəfərlə başa çatan Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarına qatılan və misli görünməmiş qəhrəmanlıqlar göstərən igidlərimizdən biri olan şəhid polkovnik-leytenant Rəşad Quliyev barəsində “Canavarın son döyüşü” adlı film çəkilir. Bu ad təsadüfi seçilməyib. Rəşad Quliyev cəsarəti, qorxmazlığı, qəhrəmanlığı, təkbaşına bir çox əməliyyatları uğurla yerinə yetirdiyinə görə döyüş yoldaşları ona “canavar” deyirdi.

Bu gün xalqımız üçün əziz olan Novruz bayramı münasibəti ilə layihə rəhbəri Məlahət Abdullyeva və layihədə könüllü kimi iştirak edən “Türk Dünyası Turan Düşüncə Mərkəzi “İB İdarə Heyəti üzvü və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev şəhid Rəşad Quliyevin ailəsinə baş çəkmişlər. Onlar ailə üzvləri ilə birgə Rəşad Quliyevin keçdiyi şərəfli həyat və döyüş yolları barədə söhbət etmiş, şəhidimizin xatirəsini ehtiramla yad etmişlər.

Anası Mətanət xanım, bacıları Nazilə və Nərmin xanım şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsini daima əziz tutan hər bir kəsə təşəkkürlərini bildirmişlər.
Ruhun şad olsun, cənab polkovnik-leytenant!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.