Hazırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur- Özəl

221

Hazırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur. Bunlar müxtəlif iqlim, relyef və torpaq şəraitində yayılmışdır.

Mövcud məlumatlara əsasən meşələrin sahəsi vaxtilə daha çox olmuşdur. Sonralar dünyanın bir çox yerlərində olan meşə sahələri başdan-başa qırılmış, yandırılmış, kənd təsərrüfatı bitkiləri yetişdirmək üçün istifadə edilmiş və tədricən sıradan çıxmışdır.

Bir sıra dağ və düzən meşələri intensiv otarılaraq məhv edilmişdir.Bütün bunlar son 500 ildə dünya meşələrinin 3\2 hissəsinin, bəzi ölkələrin meşələrinin isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur. Tropik meşələrin 40 faizi məhv edilmişdir. 1978-ci ildə Moskvada keçirilən Beynəlxalq Təbiəti Mühafizə Şurasının Baş Məclisinin materiallarına əsasən dünyanın qalan tropik meşələrinin hər dəqiqədə 20 hektarı məhv edilir.

Alimlərin fikrincə Kiçik Asiya, İndoneziya və Filippin meşələri əsrin sonunadək çox çətin qala bilər. Təkcə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi üçün burada 10 minlərlə hektar qoruq meşələri məhv edilmişdir.Meşələrin yox edilməsi dünyanın bir sıra ölkələrində su dövranının zəifləməsinə, onun mənbələrinin yoxa çıxmasına, torpaqların güclü eroziyaya uğramasına, geniş sahələrdə yarğanların əmələ gəlməsinə, quru küləklərin əsməsinə səbəb olmuşdur.

Meşələrin amansızcasına yox edilməsi, onun bərpası üzrə lazımi tədbirlərin həyata keçirilməməsi buradakı digər təbii sərvətlərin azalmasına və dağılmasına, şimal rayonlarında geniş bataqlıqların, cənub rayonlarında isə məsrəfsiz səhraların yaranmasına səbəb olmuşdur. F. Engels «Təbiətin dialektikası» əsərində yazır: təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək.

Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlədiyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini puça çıxaran tamamilə başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotamiyada, Yunanıstanda, Kiçik Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranələyinin əsasını qoymuşlar, çünki bu yerlərin meşələrini yox etməklə bərabər, rütubətin toplandığı mərkəzləri də yox etmişlər.

Alp italyanları dağların şimal döşündə çox qayğı ilə qorunan iynəyarpaq meşələrini dağların cənub döşündə qırdıqları zaman bilmirdilər ki, bununla öz vilayətlərinin uca dağlıq yerlərində maldarlığın kökünü kəsirlər; onlar əsla bilmirdilər ki, bununla öz dağ bulaqlarının suyunu qurudacaq və yağışlıq dövründə düzənliyə güclü sellər axacaqdır». (Engels 1966) Dünya meşələrinin ümumi sahəsi 3 milyard 30 milyon hektardır.

Onun təqribən yarısı enliyarpaqlı ağac cinslərinin üstünlüyü ilə tropik qurşaqda, yarısı isə iynəyarpaqlı ağac cinslərinin üstünlüyü ilə mülayim qurşaqda yerləşir. Hazırda dünyanın meşəlik dərəcəsi ümumi ərazinin 29 faizini təşkil edir. Əhalinin sıxlığı və təbii şəraitdən asılı olaraq bu rəqəm qitələr üzrə kəskin fərqlənir. Avropanın meşəlik faizi (keçmiş SSRİ istisna olaraq) – 35,%; Şimali Amerika: Kanada və ABŞ – 38,8%, Cənubi Amerika – 42,6%, Afrika – 24%, Yaxın Şərq – 1,6%, Uzaq Şərq – 44,7%-dir. Ölkələr arasında meşəlik faizi aşağıdakı kimi dəyişir: Finlandiya – 71%, İndoneziya – 63%, Yaponiya –59%, ABŞ – 33%, Fransa –20%, Çin – 9,9%, Avstraliya 4%-dir. Əhalinin meşə ilə təmin olunmasını göstərən rəqəm bir adama düşən meşəlik sahəsidir. Bütün dünyada bir adama 1,6 ha, keçmiş SSRİ-də 3,8 ha, Qərbi Avropada – 0,3 ha, Asiyada – 0,4 ha, Cənubi Amerikada – 7,1 ha, Afrikada – 3,8 ha, Avstraliya və Okeaniyada – 6,7 ha-ya bərabərdir. ABŞ-da hər adama 1,1, Fransada – 0,25, İngiltərədə – 0,03, Hindistanda – 0,09 hektar meşə sahəsi düşür.