Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyi keçirilib-Özəl

215

Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən voleybol birinciliyi başlamazdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə təşkil olunan idman yarışlarının əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 13 komandadan 130 idmançı mübarizə aparıb.
Olimpiya sistemi üzrə keçirilən yarışları Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hakimləri idarə ediblər.

6 gün gərgin mübarizə şəraitində davam edən yarışların yekun nəticələrinə əsasən birinci və üçüncü yerdə motoatıcılar, ikinci yerdə isə xüsusi təyinatlılar qərarlaşıb.
Voleybol birinciliyinin sonunda qalib komandalar mükafatlandırılıb.