2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib-Özəl

229

Sosialmedia.az xəbər verir ki, 24 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasilyeva və federasiyanın prezidenti Elçin Quliyev iştirak ediblər.

Tədbirdə 2023-cü ilin yekunları haqqında hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.

Daha sonra il ərzində əldə olunmuş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Tədbirin ikinci hissəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Federasiyanın prezidentinin və vitse-prezidentlərinin, idarə heyəti üzvlərinin seçkiləri baş tutub və Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti seçilib.

Elçin Quliyev ona göstərilən etimada görə minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün idman növlərinə, o cümlədən də atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsəs prioritet məsələ olduğunu bildirib.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.

Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Çıxışının sonunda Gənclər və İdman naziri də yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda tədbir iştirakçıları xatirə fotoşəkilləri çəkdiriblər.