Miqrasiya Əməkdaşlıq Platformasının Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib-Özəl

273

Tədbirdə MƏP qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində icra olunan işlərin cari vəziyyətinə nəzər salınıb, yeni fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə qeyd olunub ki, 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikasının Prezidentinin seçkilərində seçici fəallığının artırılması məqsədi ilə MƏP tərəfindən “Mənim səsim” devizi altında təşkil edilən maarifləndirmə tədbirləri uğurla icra olunur.

Sosialmedia.az xəbər verir ki, bu istiqamətdə geniş auditoriya, xüsusilə maarifləndirmə kampaniyasının hədəf qrupları arasında aparılan məlumatlandırma tədbirləri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və təqdir olunur. Belə ki, MƏP-ə daxil olan vətəndaş cəmiyyəti institutları və onların tərəfdaşları miqrant ailələrindən olan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin son illər Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eyni zamanda keçmiş məcburi köçkünlər və ölkənin hüdudlarından kənarda yaşayan həmvətənlərlə əyani və distant görüşlər keçirir, seçki hüququnun ayrı-ayrı aspektləri barədə məlumatlandırma işlərini davam etdirirlər.

Bildirilib ki, MƏP-in daxili resursları hesabına seçki fəallığının artırılması istiqamətində icra olunan fəaliyyətlərin miqyasının genişləndirilməsi yeni üsulların tətbiqini və bunun üçün əlavə səylərin səfərbər olunmasını zəruri edir. Bu müstəvidə işlərin ardıcıl və mütəşəkkil qaydada davam etdirilməsi fikri iclas iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Xatırladaq ki, Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) 18 oktyabr 2023-cü il tarixində miqrasiya və əlaqəli sahələrdə fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis edilmiş koalisiyadır.