Azər Allahverənov: “Miqrasiya proseslərinin effektiv idarəolunmasında vətəndaş cəmiyyəti institutlarının rolu əvəzedilməzdir”-Özəl

247

Azər Allahverənov: “Miqrasiya proseslərinin effektiv idarəolunmasında vətəndaş cəmiyyəti institutlarının rolu əvəzedilməzdir”.

Sosialmedia.az xəbər verir ki, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən “Miqrasiya məktəbi – 6” layihəsi çərçivəsində təşkil olunan təlimdə “Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda mühazirə ilə çıxış edib.
A.Allahverənov ötən əsrin 80-ci illərinin axırlarında başlayaraq Azərbaycan Respublikasında geniş vüsət alan miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının təşəkkül tapması, yaranmış zərurətdən irəli gələrək ixtisaslaşması və cəmiyyətin aparıcı bir institutuna çevrilməsi barədə danışıb. Bildirilib ki, həmin illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində geniş miqyas alan qaçqın və məcburi köçkün probleminin yaranması və bu səbəbdən ölkənin humanitar böhranla üz-üzə qalması bu sahədə ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin olunması, yaşayır yerinin yaxşılaşdırılması, sosial, tibbi, məşğulluq, təhsil və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində fəallaşmasına səbəb olmuşdur. Xüsusilə vurğulanıb ki, həmin dövrdən başlayaraq miqrasiya sahəsində bir çox layihə və proqramların həyata keçirilməsinə müvəffəq olan, bu müddət ərzində böyük bir inkişaf yolu keçən və zəngin təcrübə qazanan milli qeyri-hökumət təşkilatları bu gün də miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin icra olunmasında fəal iştirak edirlər.
A.Allahverənov qeyd edib ki, bu gün miqrasiya yönümlü qeyri-hökumət təşkilatları bu sahədəki fəaliyyətlərini həm fərdi qaydada, həm də müxtəlif koalision təsisatlarda davam etdirirlər. Belə ki, həmin təşkilatların Miqrasiya Əməkdaşlıq Platformasında, həmçinin yerli və beynəlxalq müstəvidə fəaliyyət göstərən müxtəlif şura və işçi qruplarda təmsil olunması lokal şəkildə çoxsaylı təşəbbüslərin uğurlu icrasına, Azərbaycanda miqrasiya proseslərinin çevik idarə olunmasına, ölkə daxilində və onun hüdudlarından kənarda miqrasiya sahəsində tərəfdaşlığın inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Bu müstəvilərdə əldə olunan müsbət nəticələr ölkədə həyata keçirilən dövlət miqrasiya siyasətinin effektivliyinin artırılmasına, maraqlı tərəf və qruplarla bağlı olan müxtəlif komponentlər üzrə gücləndirilməsinə xidmət edir.

Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Miqrasiya Əməkdaşlıq Platforması
Azərbaycan 2030: QHT Koalisiyası
Miqrasiya Məktəbi