İctimai Birlik müharibə veteranlarının hüquqi maariflənməsi istiqamətində 9-cu tədbirini keçirdi- Özəl

138

Sosialmedia.az xəbər verir ki, artıq xeyli vaxtır ki, “Yeni Fikir” JHİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsinin fəaliyyət planına uyğun olaraq Qax, Zaqatala və Balakən rayonlarında maarifləndirici tədbirlər həyata keçirir. Layihənin tədbirləri haqqında mütəmadi olaraq məlumatlar paylaşılır. Bu tədbirlərdə artıq 200-ə yaxın müharibə veteranı, qazilər və şəhid ailələri iştirak etmiş, onların problemləri dinlənilmiş, onlara mümkün olan hər cür hüquqi yardım göstərilmişdir. Bu tədbirlərin bir özəlliyi də ondadır ki, şəhid ailələri, qazilər, veteranlar bir daha əmin oldular ki, onlar tək deyillər, onlar unudulmayıblar, dövlətimiz bu günə qədər bu qəbildən olan insanlara həm maddi, həm də mənəvi cəhətdən göstərdiyi köməyi və yardımı bu gün də davam etdirir, bu qayğı sabah da olacaqdır. Çünki, onlar müqəddəs bir amal uğrunda vuruşaraq öz sağlamlıqlarını qurban veriblər, şəhid olublar. Tədbirlərdə iştirakçılar arasında ünsiyyət yaranır, onlarla çox maraqlı dialoqlar qurulurdu. Veteranlarımız hətta, problemlərini unudaraq keçdikləri şərəfli döyüş yolundan söhbət açırdılar.

Belə tədbirlərdən 9-cusu Qax rayonunun Ləkit kəndində oldu. İştirakçılar ilk öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edirlər. Sonra layihənin məram və məqsədi haqqında layihə rəhbəri Elmira Mehdiyeva ətraflı məlumat verir. O qeyd edir ki, bu tip layihələri həyata keçirməklə vətəndaş cəmiyyəti də dövlətin müharibə veteranları ilə bağlı siyasətə öz dəstəyini verir. Biz görürük ki, hələ də hüququ pozulan veteranlarımız var. Bəzi məmurlar bu qəbildən olan insanları ya dinləmirlər, ya da onlara qarşı laqeyddirlər. Halbuki, ölkə başçısının birmənalı olaraq tapşırığına əsasən müharibə veteranları, qazilər , şəhid ailələri hər cür qayğı ilə əhatə olunmalı, onların müraciətlərinə bütün qurumlar lazımi səviyyədə baxmalıdırlar. Bizlər bir cəmiyyət olaraq sizlərə borcluyuq, bu borcu da sizin hər zaman yanınızda olduğumuzu sizlərə hiss etdirərək ödəyə bilərik.

Ekspetr İbrahim İbrahimov da bildirir ki, həyata keçirilən tədbirlər bizlərə çox şey öyrətdi. Biz görürük ki, veteranlarımızın ən böyük istəyi işlə təmin olunmaqdır.

Layihə rəhbəri bildirmişdir ki, bəzi müharibə iştirakçıları hələ də veteran statusu almadıqlarından narahatdırlar. Bu istiqamətdə ciddi işlər gedir və qısa müddətdə yəqin ki, veteran statusunu haqqı olan hər bir döyüşçümüz alacaqdır. Bəzi problemlər lokal xarakter daşıyır və biz çalışırıq ki, müvafiq qurumların, xüsusilə İcra Hakimiyyətlərinin köməkliyi ilə o məsələlərin həllinə kömək edək. Həqiqətən də, bir çox məsələlər bu cür öz həllini tapmışdır.

İştirakçılardan Tərlan Gülməmmədov 44 günlük müharibədə əvvəldən axıradək vuruşmuşdur. Qələbəyə iki gün qalmış o ağır yaralanır, müalicələr qəbul etsə də Tərlanın sağlamlığı əlillik dərəcəsinə qədər pisləşir. Lakin o, bu günə qədər əlilliyi ala bilməmişdir. Seymur Məmmədov da qeyd edir ki, müharibəyə könüllü gedib. Canla-başla vuruşub. Bu gün Seymurun ən böyük arzusu bir işlə təmin olunmaqdır. Hənifə Məmmədli də işlə təmin olunmaq istəyir. Kəndli gənclərimizin məşğulluğu ilə bağlı ciddi proqramlara ehtiyac olduğu artıq qaçılmazdır. Düzdür, DSMF tərəfindən həyata keçirilən məşğulluq proqramı vardır, yerlərdəki vəziyyət onu göstərir ki, bu proqram kifayət deyildir.

Digər iştirakçıların da suallarını həm ekspert, həm də Qax Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev cavablandırırlar.

Elmira Mehdiyeva