Baş nazirin müavini ağacların qanunsuz kəsilməsinə münasibət bildirib

225

“Azərbaycanda ağacların qanunsuz kəsilməsinə münasibətim kifayət qədər kəskindir”.

SosialMedia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katib, baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib: “Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur”.

Baş nazirin müavininin fikrincə, müvafiq qurumlar üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidir ki, ağacların qanunsuz kəsilməsinə imkan verilməsin: “Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri yarandıqca, müəssisələr işə salındıqca buna yerlər lazım olur. Amma təbii ki, bunların heç biri ağacların kəsilməsi hesabına baş tutmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımlıdır. Biz çalışırıq, geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin”.