Məhkəmə qonşusunu bıçaqlayan kikboksinq çempionunu qismən bağışladı

137

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

SosialMedia.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Qocayevin barəsində verilən 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra M.Qocayev hərbi xidmətə yollanıb və N saylı hərbi hissədə həbs edilib, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, M.Qocayev kikboksinq idman növü ilə məşğul olub, bir neçə il bundan əvvəl Azərbaycan çempionu adını qazanıb.