Qayda pozan piyadalara qarşı nəzarət hansı formada olacaq? – DİN-dən açıqlama

349

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti qaydalarını pozan piyadalara qarşı nəzarətin hansı formada təşkil olunacağını açıqlayıb.

Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov SosialMedia.az- a açıqlamasında bildirib ki, bundan sonra bu işə nəzarəti yol-patrul xidmətinin əməkdaşları həyata keçirəcək: “Əvvəlki açıqlamamda da qeyd etdiyim kimi paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə ötən ilin mart ayından post-patrul xidmətinin müvafiq səlahiyyətlər verilmiş 300-dən çox əməkdaşı həmin inzibati xətaların aşkarlanması işinə cəlb olunub. Ötən dövrdə görülən tədbirlərin təhlili göstərdi ki, son zamanlar Daxili İşlər Nazirliyi tərəfindən müvafiq istiqamətdə əhali arasında davamlı maarifləndirmə və izahat işlərinin aparılması piyadaların yol hərəkəti qaydalarına riayət etməsində müsbət dəyişikliklərlə səciyyəvi olub, o cümlədən bu sahədə onların intizamının səviyyəsi xeyli yüksəlib.

Qayda pozmuş piyadaların saxlanılması, barələrində inzibati protokol tərtib edilməsi və bir çox hallarda özü haqqında yanlış məlumat verənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar aparılan araşdırmalar isə vətəndaşlar üçün vaxt itkisinə səbəb olur, bəzən də narazılıq yaradırdı. Bütün bunlara paralel olaraq sutkalıq xidmət aparan, istirahət və bərpa vaxtı az olan post-patrul xidməti nizami hissələrində əməkdaşların xidmət rejiminin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğun təşkil edilməsi də gündəlikdə duran vacib məsələlərdən biri idi. Məhz qeyd etdiyim amillər nəzərə alınaraq, Daxili İşlər Nazirinin müvafiq əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına cəlb edilmiş əməkdaşlar daimi xidmət yerlərinə qaytarıldı”.

E.Zahidov həmçinin qeyd edib ki, bu kontekstdə nəzərə alınması vacib olan mühüm xüsusatlardan biri də vətəndaş məmur ünsiyyətinin aradan qaldırılmasıdır ki, müvafiq məsələnin də həllində müasir texnoloji yeniliklər fəaliyyətimizdə geniş istifadə olunur: “Bunun bariz nümunələri sırasında 27 növ elektron xidmətin göstərilməsi, habelə yol hərəkəti qaydaları əleyhinə olan 19 inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanması qeyd edilə bilər. Digər tərəfdən, “Təhlükəsiz şəhər” sisteminin videokameralarının tətbiqi ilə respublika ərazisində hüquq qaydasına riayət olunması vəziyyətinin fasiləsiz və canlı izlənilməsi də insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasına xidmət edir.

Bir daha bildirirəm ki, yol hərəkəti qaydalarını pozan piyadalar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini isə müvafiq funksiyaların həyata keçirilməsinə məsul olan yol-patrul xidmətinin əməkdaşları tərəfindən təmin ediləcəkdir”.