Şəxsiyyət vəsiqələrinin verilməsində YENİLİK

440
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.
SosialMedia.az- a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nazirliyin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi bu il noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.
Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.
Ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.