Sumqayıtda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirmə tədbiri təşkil olunub

366

Bu gün ƏƏSM Nazirliyi yanında İctimai Şura üzvlərinin Sumqayıt şəhərində xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləyən vətəndaş cəmiyyəti qurumları, sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideynləri, müharibədən zərərçəkmiş insanlarla görüşü keçirilib.

SosialMedia.az xəbər verir ki, görüşlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təşkil edilib. Layihə sentyabr ayından başlayıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi sosial islahatların faydalılıq əmsalının, əlçatanlılığının artırılması, çətin həyat şəraitində yaşayan insanların, o cümlədən uşaqların və gənclərin sosial çağırışlarının düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsindən ibarətdir.

ƏƏSM nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbirdə çıxış edərək xüsusi qayğıya ehtiyacı olan insanların maarifləndirilməsi sahəsində ƏƏSM nazirliyi ilə İctimai Şuranın birgə fəaliyyəti haqda söz açıb. Birgə fəaliyyəti əməkdaşlıq modeli adlandırıb, sosial islahatların əhəmiyyəti, vətəndaşlara faydası, ƏƏSM nazirliyinin gördüyü işlər, DOST Mərkəzlərinin fəaliyyəti haqda məlumat verib. İctimai Şura üzvü Milli QHT Forumunun prezidenti Rauf Zeyni Sumqayıtın zəhmətkeşlər şəhəri olduğunu və bu şəhərdə sosial müdafiə sahəsində aparılan işlərdən danışıb. Sosial islahatlara əlçatanlığın təmin olunmasında maarifləndirmənin əhəmiyyətini qeyd edib. Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov vətəndaş hüquqlarına dair məsələlərə və sosial müdafiənin təşkilində ölkəmizin beynəlxalq praktikaya əsasən tətbiq etdiyi metodologiyalardan söz açıb. İctimai Şura üzvü Məmmədhəsən Həsənov müharibə veteranları və müharibə əlillərinə tətbiq edilən müavinətlərə dair məlumat verib. Tədbir zamanı, fiziki qüsurlu uşaqların surduroloji məsələlərinə, tibbi reabilitasiya, əlil arabalarının təmiri və yaxud əvəzlənməsi, hər iki valideynini itirmiş uşaqlara müavinətlərin təyin edilməsi qaydaları, elektron yükləmələr zamanı yaranan çətinliklərə dair məsələlər ƏƏSM nazirliyinin ictimai əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Murad Fərzəliyev, nazirliyinin yerli qurumlarının nümayəndələri və İctimai Şira üzvləri tərəfindən cavablandırılıb. Bəzi məsələlər yerində həllini tapıb, bəzilərinin icraatı nəzarətə götürülüb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Fərman Fərzəliyev maarifləndirmə işlərinin əhəmiyyətli olduğunu və praktik görüşlərin zəruri olduğunu bildirib. Görüşdə Dövlət Məşğulluq xidmətinin əməkdaşları, QHT nümayəndələri, Günərzi Mərkəzlərinin təmsilçiləri də iştirak edib, müzakirələrə qatılıblar.