MTRŞ televiziya kanallarının efirinin məhdudlaşdırılması ilə bağlı son qərarlarına dair bəyanat yayıb

252

Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarının efirinin məhdudlaşdırılması ilə bağlı son qərarlarına dair bəyanat yayıb.

Şuradan SosialMedia.aza verilən xəbərə görə, bəyanatda deyilir:

“Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapmışdır ki, bu da, Milli Televiziya və Radio Şurasına “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.

Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanmışdır. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulmuşdur ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.

Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırsızlıqları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcək”.

MTRŞ-dan bildirilib ki, Şura tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyir: “Mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir. Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir”.