“SÖZ” JURNALININ MƏNƏVİ ANASI

501

Şair-publisist, dramaturq Şəkər Aslan mənim gənclik dostlarımdan idi. Onun bütün uğurlarını izləyib sevindiyim kimi, o da mənim uğurlarımı izləyib sevinirdi. Azərbaycandan kənarda – “Ulyanovskaya Pravda” nəşriyyatında baş direktor işlədiyim zaman müntəzəm məktublaşır, həyatımızdakı yeniliklər barədə bir-birimizi məlumatlandırırdıq. Azərbaycana qayıtdıqdan sonra ilk zəngləşdiklərimdən biri Şəkər Aslan oldu.
“Azərbaycan” nəşriyyatında baş direktor işlədiyim ilk aylar idi. Şəkər müəllim mənə zəng vurdu. Prezident Administrasiyasında Cənub zonası üçün və birbaşa onun adına jurnal təsis olunduğunu söylədi və bu işdə şair-publisist, dramaturq Hidayət Orucovun təşəbbüskar olduğunu xüsusi vurğuladı.
Hidayət Orucov o zaman Prezident Administrasiyasında Milli Siyasət Məsələləri üzrə Dövlət müşaviri işləyirdi.
Şəkər müəllim “Söz” adlandırdığı jurnalı Bakıda “Azərbaycan” nəşriyyatında çap etdirmək arzusunda olduğunu bildirdi. Mən də əlimdən gələni edəcəyimi söyləyib, xeyir-duamı verdim.
Bir neçə gün sonra kabinetimə bir qovluq materialla bir xanım gəldi. Şəkər müəllimin adından gəldiyini bildirdi. Zahirən çox cavan görünən xanımın söhbətlərindən peşəkar və işgüzar olduğu aydın sezilirdi. Bir növ aforizm kimi dediyim sözlər sanki onun boyuna biçilmiş, xarakterinə uyğun gəlirdi. “İşi görmək istəyən adam vasitə axtarır, görmək istəməyən bəhanə”.
Tanış olduğum xanımın – Sevda Əlibəylinin peşəkar və işgüzarlığı sonrakı iş prosesində öz təsdiqini tapdı. Üzünü ilk dəfə gördüyüm bu xanımın imzası mətbu orqanlardan mənə tanış idi. Bədii və publisistik yazıları Azərbaycan radiosunda da səsləndirilirdi. Sevda xanımın işgüzarlığına bələd olduqca əmin oldum ki, Şəkər Aslan kadr seçməkdə yanılmayıb.
Jurnalın nəşri ölkənin çətin dövrünə, çap materiallarının demək olar ki, tapılmayan dövrünə düşmüşdü. Rusiyada Poliqrafiya İnstitutunda və aspiranturasında təhsil alıb, elmi iş müdafiə etdiyimə və uzun illər nəşriyyat direktoru, ali məktəblərdə dərs dediyimə görə orda dostlarım çox idi. Həmin dostlarımın təminatı hesabına kağız və digər çap materialları alır, qəzetlərin çapına nail olurduq. “Söz”ə isə dostumun xətrinə xüsusi diqqət göstərirdim. Ara-sıra yumorlu hekayələrlə jurnalda çıxış da edirdim.
Onu da deyim ki, həmin dövrdə qəzetə meyl daha çox idi. Respublikada nəşr olunan jurnalların sayı hədsiz az idi. Odur ki, “Söz”ün işıq üzü görməsi bomba kimi partladı. Azərbaycan Televiziyası göstərdi, Azərbaycan Radiosu haqqında veriliş hazırladı. Mətbu orqanların demək olar ki, “Söz”dən yazdı.
1994-cü ildə “Azərbaycan” nəşriyyatında deyil, başqa yerdə işləyirdim. Amma bir ziyalı olaraq “Söz”ü və digər mətbu orqanları izləyirdim. Həmin il respublikada heç bir jurnal işıq üzü görmədi. “Söz” isə bir sayla da olsa, işıq üzü gördü və yarandığı gündən indiyə kimi “Söz”ün dövriyyəsində heç vaxt fasilə olmayıb.
Respublikada “Söz”dən sonra xeyli jurnal təsis olunub nəşr edildi. Amma heç biri “Söz” ömrü yaşamadı. Bir-iki saydan sonra nəşrlərini dayandırdılar.
“Söz” jurnalına başlanğıc, ilk yardım olaraq Ulu öndər Heydər Əliyev büdcədən pul ayırdı. Sonra isə jurnal özünü maliyyələşdirməsi hesabına qaldı.
İndiki dövrdə satış xərci jurnalın borclarını ödəyə bilmir. Çap materialları da gündən-günə bahalaşır. Amma “Söz” yaşayır, dünyanı dolanır. Bunun əsas səbəbkarı “Söz”ün qayğıkeş anası, peşəsinin fanatı olan Sevda Əlibəylidir. “Anası” sözünü elə-belə işlətmədim. Sevda xanım müsahibələrində də hər zaman deyir ki, “Söz” mənim birinci, Toğrul ikinci övladımdır.
Sevda xanımın maddi sıxıntılarla, mənəvi təzyiqlərlə üzləşdiyinin də şahidiyəm. Bütün bunları dəf etmək onun jurnalist fədakarlığının, ədəbi iddiasının nəticəsidir.
Jurnalda mövzu rəngarəngliyi ürəyə yatandır. Azərbaycanın bütün bölgələri əhatə olunur. Azərbaycançılıq mövqeyi çox güclüdür. Azərbaycan dövlətinə məhəbbət və sədaqət jurnalın ana xəttini təşkil edir.


Sevda xanım kitabı müəllifi olaraq imzasını tanıdıb. 8 kitab müəllifidir. Həyat və yaradıcılığımdan bəhs edən “İlk poliqrafçı alim” kitabı 2010-cu ildə sənədli-araşdırma nominasiyası üzrə Milli-Kulturoloji mükafata layiq görüldü. Böyük Vətən müharibəsinin 65 illik Qələbə bayramında kitabı Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı üstündəki görüşdə şəxsən təqdim etdim. Həmin süjet telekanallarda dəfələrlə göstərildi.
Sevda xanımın may ayının 9-da 60 yaşı tamam oldu. Lakin 8 may Şuşanın işğal günü olduğundan illərdi doğum gününü qeyd eləmir. Yubiley yaşı Milli Mətbuatımızın 145 illiyilə eyni ilə düşdüyündən biz də Sevda Əlibəylinin yubileyini həmin günə saxladıq. Yubilyarı təbrik edir, sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.

Şəddat CƏFƏROV,
ilk poliqrafçı alim