Bakıda velosiped nəqliyyatı niyə inkişaf etmir?

139

Paytaxt Bakıda nəqliyyatın sıxlığı, tıxacların olması alternativ vasitələrin tətbiqini yenidən gündəmə gətirib. Bunlardan biri də paytaxtda velosiped zolaqlarının salınması və velosiped nəqliyyatının inkişafıdır. Dünyanın bir çox ölkələrində insanlar nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edirlər. Bu isə həm böyük tıxacların yaranmasının qarşısının alınması, həm də ekoloji cəhətdən önəmlidir.

Bəs Azərbaycanda velosiped zolaqlarının salınması və velosiped nəqliyyatının inkişaf etdirilməsi üçün nə etmək lazımdır?

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Azər Allahverənov bildirib ki, yol xidmət şəbəkəsində təkcə velosiped zolaqlarının yox, ümumi infrastrukturun qurulması lazımdır:

“Əlbəttə, velosiped zolaqlarının salınması bir neçə aspektdən zəruri və faydalı addımdır. Amma bununla yanaşı, dayanacaq meydançalarının və müəyyən təmir işlərini yerinə yetirə biləcək müəssisələrin yaradılması da vacibdir. Bununla həm velosipedçilərin, həm də digər nəqliyyat vasitələrini idarə edən şəxslərin təhlükəsizliyini təmin etmiş olarıq. Lakin onlar da təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununa nəzər salsaq görərik ki, velosiped istifadəçiləri ilə bağlı bir sıra müddəalar var, çünki onlar da bizim yol hərəkətinin fəal iştirakçılarıdır”.