Azərbaycandan Ankara prokuroruna müraciət: ÜÇ ÖVLAD ANASINA KÖMƏK EDİN

180

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana Ankarada yaşayan 3 azyaşlı övlad anası Nailə Həsənovanın problemi ilə bağlı rəsmi qayadada müraciət edib.

Baş Prokurorluqdan SosialMedia.az-a verilən məlumata görə, K.Əliyev müraciətində qanunun aliliyi prinsipini rəhbər tutmaqla N.Həsənovanın probleminin nəzarətə götürülüb araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi və Nailə Həsənovanın övladları ilə birlikdə Azərbaycana gəlməsinə köməklik göstərilməsini xahiş edib.

Qeyd edək ki, son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkiyənin Ankara şəhərində yaşayan Nailə Həsənovanın 3 azyaşlı övladı ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorakılığa məruz qalması, onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa uşaqların bioloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılıb.