Millət vəkili: “Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”

116

Epidemiya əleyhinə rejimin pozulması ilə bağlı cərimələrin artırılmasının hüquqi və vəzifəli şəxslərə çox təsir edəcəyini düşünmürəm”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu şəxslərin çoxu iflas vəziyyətindədir: ”Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Artıq Türkiyədə və digər ölkələrdə kirayə haqlarının ödənilməsinə kömək göstərirlər. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılması müsbət hal deyil: “Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”.

Sədr Sahibə Qafarova isə deyib ki, ciddi xəbərdarlıqla bunun qarşısını almaq olmaz: “Gərək heç kim qaydaları pozmasın”.