“Neftçi”nin sabiq futbolçusu vəfat etdi

217

“Neftçi” klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Report-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. Abdullayev Futbol Veteranları İttifaqı adından Rafiq Əlizadənin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Rafiq Əlizadə 1966 – 1972 və 1976 – 1982-ci illərdə “Neftçi”nin formasını geyinib. Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının “Neftçi” komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub. O, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.

Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub. Rafiq Əlizadəyə 2019-cu ilin sonundan etibarən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən assosasiya tərəfindən xüsusi təqaüd verilib.