Bu məhsulun idxalı, satışı buna görə qadağan edildi

223

Paytaxt küçələrinə baxdıqda polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların atıldığını görürük. Təəssüf ki, bu kimi tullantıların məhvi heç də asan deyil və ekoloji sistemə vurduğu zərər böyükdür.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a ekoloq Telman Zeynalov 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qadağan edilməsini şərh edərkən deyib.

O bildirib ki, bu qərar ətraf mühitin çirklənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından müsbətdir:

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub. Ümumiyyətlə, ekologiya sahəsində verilən qərarların qanunla təsdiqlənməsi müsbət haldır.

Ölkəyə polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanlarının idxalı dayandırılmalıdır. Xüsusilə polietilen torbaların, tək istifadəlik plastik məhsulların tullandıqdan sonra məhv edilməsi çox çətindir. Məhv edildikdə belə atmosferə ziyanı var. Bu mənada ən yaxşı vasitə onlardan imtina edilməsidir. Ölkə başçısının da bu istiqamətdə müvafiq tapşırıqları olub.

Düşünürəm, verilən bu qərar vacibdir, lakin qərardan əlavə buna riayət edilməsinə də diqqət edilməlidir. Xüsusilə bəzi işbazların gizli şəkildə bu məmulatları ölkəyə daxil etməsinə və istifadəsinə qəti yol vermək olmaz. Qanuna qarşı gələn şəxslər, sahibkarlar sərt şəkildə cəzalandırılmalıdır”.