Onların YAP-a daxil olması bu məntiqə söykənir… – Deputatlardan REAKSİYA

344

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilib. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın xalq partiyası olduğunu sübut edir. Bu cür tendensiyalar eyni zamanda iqtidara olan müsbət ictimai rəyin artmasından da xəbər verir.

6 siyasi partiyanın hakim partiya olan YAP-a qoşulmasına münasibət bildirən millət vəkilləri qeyd ediblər ki, bunu siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi hesab etmək olar.

Publika.az-a danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, 6 siyasi partiyanın YAP-a qoşulması çox ciddi hadisədir və ölkədə gedən siyasi proseslərin məntiqinə söykənir: “Sentyabrın 27-də başlayan və dekabrın 1-də torpaqlarımızın tam şəkildə qaytarılması ilə başa çatan Vətən müharibəsi dövlət başçısının Yeni Azərbaycan Partiyasının sədri və Ali Baş Komandan kimi nüfuzunu və reytinqini daha da yüksəklərə qaldırdı. Reytinqi yüksək olan, böyük sosial dayağa malik və Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəklənən ölkə Prezidenti xilaskar Ali Baş Komandan kimi təkcə Azərbaycan xalqının rəğbətini qazanmadı, həm də dünya səviyyəsində güclü lider, dövlət xadimi və mahir diplomat, bacarıqlı və təşkilatçılıq qabiliyyətini özündə ifadə edən sərkərdə kimi yadda qaldı”.

Deputatın sözlərinə görə, Azərbaycanda ayrı-ayrı siyasi partiyaların bu gün məhz ölkə başçısının rəhbəri olduğu YAP-a daxil olması həm də bu məntiqə söykənir: “Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış qələbə ölkədə milli birlik yaratdı. Digər tərəfdən, Prezidentin siyasəti təkcə ayrı-ayrı partiyalara daxil olmayan insanlar tərəfindən, YAP-la ciddi əməkdaşlıq edən, onunla bir sıra məsələlərdə həmrəy olan partiyaların YAP-a münasibətlərində müsbət dəyişiklik yaratmadı, eyni zamanda iqtidara müxalif olan partiyaların da artıq yaranmış situasiyaya uyğun olaraq mövqelərində dəyişikliklər oldu. Bununla da onlar YAP-a daxil olmağı vacib hesab etdilər. Bu proses artıq başa çatdı. Düşünürəm ki, bu, siyasi partiyaların yeni konfiqurasiyasının nümunəsi kimi cəmiyyətimizdə müsbət qarşılanacaq”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa isə bildirib ki, bir neçə siyasi partiyanın hakim partiyaya inteqrasiyası müsbət haldır: “Bütövlükdə, siyasi qüvvələrin inteqrasiyası normal prosesdir. Əslində, bir sıra belə partiyaların inteqrasiya olunması, hakim partiyaya qoşulması ümumi işin faydasınadır”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, bir neçə siyasi qüvvələrin hakim partiyaya qoşulması qaçılmaz proses idi: “Azərbaycanda 60-dan çox partiya qeydiyyata alınıb. Yeni Azərbaycan Partiyasının mövqeyini, sosial qrupun istəklərini, fikirlərini ifadə edən siyasi partiyaların birləşməsi yaxşı haldır. Eyni zamanda bu təmərküzləşmə prosesini müsbət hal olaraq qiymətləndirirəm. Bu, ölkənin yeni siyasi konfiqurasiyasının formalaşmasına xidmət edir. Bütün demokratik dünya bu proseslərdən keçir və Azərbaycanda da təbii olaraq bu proses başlayıb”.

Qeyd edək ki, YAP-ın bu gün keçirilən VII qurultayında Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-a qoşulub.