1918-ci il mart hadisələrinin təhlilinə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib

199

Stokholm, 1 aprel, Rauf Əliyev, AZƏRTAC

1918-ci il 31 mart soyqırımının 103-cü ildönümünə və həmin dövrdə baş verən hadisələrin təhlilinə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.

Sosialmedia.az xəbər verir ki, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası və “Odlar Yurdu” İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə İsveç, Norveç, Finlandiya, Almaniya, Ukrayna və Türkiyədən diaspor fəalları, alimlər və ictimai xadimlər iştirak ediblər.
İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg tədbirin məqsədi barədə məlumat verdikdən sonra AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarixçi Firdovsiyə Əhmədova mühazirə ilə çıxış edib.
1918-ci ildə baş verən hadisələrə tarixi prizmadan nəzər salan Firdovsiyə Əhmədova o vaxt Qafqazda cərəyan edən siyasi proseslər, Rusiya imperiyasının etnik zəmində həyata keçirdiyi siyasət barədə söz açıb. Bildirib ki, soyqırımı təkcə mart ayı ilə məhdudlaşmayıb, bu düşünülmüş qəddar planın kökündə Azərbaycan xalqının tamamilə məhv edilməsi və bu torpaqlarda imperiyaya daha yaxın sayılan erməni xalqının nümayəndələrinin məskunlaşdırılması planı olub. On minlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb olan bu qəddar planların yalnız xalqımızın birgə siyasi təfəkkür və milli kimlik ideologiyası əsasında birləşdiyi an qarşısının alındığı diqqətə çatdırılıb.
Digər çıxış edənlər həmin dövrdə Cənubi Azərbaycanda, Türkiyənin bir sıra vilayətlərində baş verən erməni terroru haqqında ətraflı danışıb. Qeyd olunub ki, baş verən hadisələr lazımi səviyyədə öyrənilməsə də, bu ərazilərdəki kütləvi məzarlıqlardan tapılan insan sümüklərinin sayından baş verən qətliamların miqyasını təxmin etmək olur. Natiqlər, habelə bildiriblər ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi davamlı soyqırımı aktları onların nəyin bahasına olursa-olsun bu torpaqlarda məskunlaşmaq və bu ərazilərə məxsus xalq olduqlarını təsdiqləmək niyyətlərinə söykənib.
Tədbir çərçivəsində 31 mart soyqırımının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün lazımi siyasi və hüquqi addımların atılması, məsələnin beynəlxalq müstəvidə tanıdılması üçün strategiya barədə geniş fikir mübadiləsi aparılıb.