Ramazan ayında kütləvi formada iftar süfrələri və digər formada toplaşmalar koronavirusun sürətlə yayılmasına zəmin yarada bilər

181

Azərbaycanda COVID 19-la mübarizə müxtəlif formalarda və müxtəlif metodlarla aparılır. Pandemiya təkcə sağlamlıq məsələsi deyil. Pandemiya, həmçinin sosial həyat, iqtisadiyyat, psixologiya və digər müxtəlif sahələrə ciddi təsir göstərir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycanda COVID-19-u idarə olunan səviyyədə saxlamaq mümkün olub.

Ölkə başçısı İlham Əliyev tərəfindən dəfələrlə qeyd olunmuşdur ki, qərarlar qəbul olunarkən ölkə əhalisinin sağlamlığının təminatı əsas faktor kimi nəzərə alınır. Pandemiya şəraitində əsas məqam risklərin düzgün idarə olunmasıdır ki, Azərbaycan dövləti də bunu ötən dövrdə maksimum uğurla həyata keçirib. Bu sıraya hər kəsə məlum olan sərtləşmiş karantin qaydalarından tutmuş, bəzən çoxuna məlum olmayan digər 10-larla əlavə addımları qeyd etmək olar. Əlavə məqamlar sırasında iş vaxtlarında edilən dəyişiklik, onlayn iş rejiminə üstünlük verilməsi və s. misalları çəkmək olar.

SosialMedia.az AZƏRTAC-a istinadən bildirir ki, bunu İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

Görülən tədbirlərdən danışan ekspert, bildirib ki, bu tədbirlərlə yanaşı əsas məsələ hazırlanacaq vaksinin əldə olunması və əhalinin peyvənd edilməsi idi.

“Pandemiyanın ilk vaxtından Azərbaycan dövləti hazırlanacaq vaksinlərin əldə olunması üçün müxtəlif platformalar çərçivəsində fəaliyyətə keçmişdir. Dünyanın bəzi ölkələrinin maliyyə resursları çatışmazlığından vaksinə əlçatımlığında problemləri mövcuddur. Eyni zamanda bu məsələdə maliyyə vəziyyəti ilə yanaşı, beynəlxalq arenalarda söz sahibi olmaq kimi meyarlar da təsir imkanlarına malikdir. Azərbaycan bu peyvəndləri əldə etdi və vaksinasiyanı davam etmək üçün müəyyən qədər də ehtiyatımız var.

Buna baxmayaraq, Prezident İlham Əliyev tərəfindən vaksinlərin ədalətli bölgüsü ilə bağlı çağırışlar olmuş və Azərbaycan Prezidentinin bu tələbi beynəlxalq ictimaiyyət tərəfindən böyük dəstək almışdır.

Azərbaycan koronavirusa qarşı vaksin alan ilk ölkələrdən biri olub və ölkəmizdə yanvarın 18-dən koronavirusa qarşı vaksinasiyaya başlanılıb. Son məlumatlara görə 1 milyon 177 min 87 vaksin vurulub. Ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur. Vaksinasiya prosesi ölkəmizdə sürətlə gedir. Dövlət tərəfindən yaradılan bu imkanları nəzərə alaraq, bütün ölkə əhalisi vaksinasiya prosesində fəal iştirak etməlidir. Bildiyimiz kimi hazırda 40 yaşından yuxarı vətəndaşlarımız peyvənd olunur. Vaksinasiya və koronavirusla digər mübarizə üsullarında hər bir vətəndaşın mövqeyi təkcə özünü fərd olaraq qorumaq kimi anlaşılmalı deyil, çünki hər bir fərd cəmiyyətin bir üzvü olaraq məsuliyyəti ilə bu işdə öz töhfəsini verməlidir,” – deyə Cəsarət Hüseynzadə bildirib.

Ekspert hesab edir ki, koronavirusla mübarizədə kompleks yanaşma davam etdirilməlidir: “Etiraf edək ki, bu günə kimi COVID 19-la bağlı tibb dünyasını düşündürən bəzi suallar da qalmaqdadır. Buna görə peyvənd olunan şəxslərin digər tibbi tövsiyələri imtina etməsi yolverilməzdir.

Son dövrlər artıq sosial şəbəkələrdə də rast gəlirik ki, bəzi şəxslər açıq havada maska taxmağa ehtiyac olmadığı ilə bağlı kampaniya aparırlar. Təəssüflə qeyd etməliyik ki, həmin şəxslərin maska taxmamaq ilə bağlı mövqeyi bir qədər fərdi formada irəli sürülür. Halbuki bu məsələyə geniş formatda, pandemiyanın inkişafı nəticəsində ölkə əhalisinin sağlamlığına dəyə biləcək mənfi tendensiyalar fonunda baxmaq lazımdır.

Nəzərə almaq lazımdır ki, maska taxmaq tələbi, metronun bağlanması və digər qadağalar tibbi və digər sahələr üzrə aparıcı ekspertlərin olduğu inkişaf etmiş Avropa və Amerika ölkələrində də tətbiq olunur. Bundan başqa nəzərə almaq lazımdır ki, bu qadağalar, həmçinin ona görə tətbiq olunur ki, məsuliyyətli və məsuliyyətsiz, tibbi-gigiyenik qaydaları və koronavirusla bağlı məlumatları bilən və bilməyən vətəndaşlar var. COVID-19 təhlükəsi və yayılma sürəti dövləti məcbur edir ki, fərdi yanaşıma deyil, ümumi yanaşma ilə önləyici tədbirlər həyata keçirsin.

Məsələn, tanış insanların rastlaşdıqda görüşüb öpüşdüyünü nəzərə alsaq, bu tip qadağaların bu kimi hallarda çox böyük qoruyucu funksiyaya malik olduğunu görə bilərik. Başqa bir məqam kimi isə insanların açıq havada bəzi məkanlarda çox sıx topalandığını qeyd etmək olar. Müxtəlif istirahət yerləri, bank və digər ictimai xidmətlərin göstərildiyi yerlər, dayanacaqlar və s. kifayət qədər vətəndaşın sıxlığının müşayiət olunduğu yerlədir. Bu məsələləri təkcə vətəndaşların öz məsuliyyətinə etibar etsək çox ağır nəticələr ilə üzləşə bilərik. Vətəndaşları da başa düşürük ki, artıq bir ildən artıqdır bu tip qadağalar şəraitində yaşayırıq, açıq havada gedərkən təmiz hava almaq istəyirik. Lakin şəraiti və nəticələri müqayisə etdikdə daha sağlam qərarlar vermək mümkündür.

Eyni zamanda qarşıdan gələn müqəddəs Ramazan ayında da insanlarımız daha da diqqətli olmalıdır. Bu ayda vətəndaşlarımız aztəminatlı və həssas qruplardan olan şəxslərə xüsusi diqqət yetirirlər. Bu gözəl əməlləri də yerinə yetirərkən, öz sağlamlığını və həmçinin təmasda olduğu şəxslərin sağlamlığını qorumaq üçün qaydalara riayət etmək vacibdir. Kütləvi formada iftar süfrələri və digər formada toplaşmalar koronavirusun sürətlə yayılması üçün zəmin yarada bilər. Müqəddəs dinimizdə də sağlamlığı qorumaqla bağlı tövsiyələr var. Ona görə də, bütün atdığımız addımlarda özümüzün, ailəmizin və ətrafımızdakı şəxslərin sağlamlığını ciddi sürətdə nəzərə almalıyıq. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Müqəddəs dinimizdə sağlamlıq problemləri olan şəxslər üçün də bu məqamlarda istisnalar mövcuddur. Ona görə bu koronavirus xəstəliyi keçirən şəxslər oruc ilə bağlı öz həkimləri ilə məsləhətləşməli və sağlamlığı ilə bağlı tövsiyə almaları vacibdir”.