İlham Əliyev 4 fərman imzaladı

567

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sosialmedia.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1343; 2021, № 1, maddə 29) ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 11-ci hissəsi və 16.2 – 16.5-ci bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

3.1. tabeliyindəki Aztelekom MMC-nin, Bakı Telefon Rabitəsi MMC-nin, Azerbaijan International Telecom (AzInTelecom) MMC-nin və Azərpoçt MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.

2. Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri peyk xidmətlərindən əldə olunan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;

3.3. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. idarəetmə orqanlarının yaradılması;

4.1.2. Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.3. Agentliyin yenidən təşkili və ləğvi.

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.2.2. Agentliyin strukturunun təsdiqi;

4.2.3. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi.

4.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra – Nazirlik):

4.3.1. Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.3.2. Agentliyin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

4.3.3. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

4.3.4. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

4.4. Agentliyə:

4.4.1. əməyin ödənişi fondunun, işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) müəyyən edilməsi.

5. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Agentliyin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

6.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

6.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Nazirlik:

7.1. Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

7.2. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir:

kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi;

bu fərmana uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi;

torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə bu fərmana uyğun olaraq icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması.

Nazirlər Kabineti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməli, bu fərmandan irəli gələn məsələləri həll etməlidir