Ekspert: Pandemiya ilə bağlı mövcud vəziyyət bizi arxayın etməməli, əksinə məsuliyyətimizi bir qədər də artırmalıdır

271

Dünya üzrə koronavirusa yoluxanların sayı təqribən 150 milyon civarında, bu xəstəlikdən həyatını itirənlərin sayı isə 3 milyondan artıqdır. Hər gün təqribən 600-700 min yeni yoluxma halı qeydə alınır. Rəqəmlər dünya ölkələri üzrə vəziyyətin heç də ürək açan olmadığını göstərir. Qeyd olunan statistika ilə yanaşı koronavirusun yeni ştammlarının qeydə alınması da əlavə narahatlıq doğurur. Qeydə alınan Britaniya və Hindistan ştammlarında başqa yeni mutasiyaların olması ehtimalı da mövcuddur. Çünki viruslarda daim mutasiya baş verə bilir.

Yeni ştammlarda mutasiya sayəsində onun yoluxma qabiliyyəti təxminən 50 faiz artması qeyd olunur. Hindistan ştammı ilə bağlı vəziyyətin daha acınacaqlı olduğu bildirilir. Bu ölkədə ötən ayda koronavirusdan gündəlik ölüm sayının 100-150 olmasına baxmayaraq, son bir neçə gündə bu rəqəmlər 3 minə qədər yüksəlib.

SosialMedia.az AZƏRTAC-a istinadən bildirir ki, bunu İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

Ekspert pandemiya ilə bağlı Azərbaycandakı vəziyyət barədə danışaraq, bildirib ki, ölkəmizdə koronavirusla mübarizədə risklərin idarə olunması siyasətinə üstünlük verilir. Bu siyasətin nəticəsi olaraq, digər ölkələr ilə müqayisədə pandemiyanın nəticələri daha kiçik miqyaslıdır.

“Sərtləşdirici qaydaların tətbiq olunmasını vacib edən bir çox məqamlar var. Onlardan biri də ölkədəki çarpayı ehtiyatları ilə bağlıdır. Bu gün çarpayı ehtiyatları və digər bəzi məqamlarla bağlı sərtləşdirmə tədbirləri həyata keçirilmir. Koronavirusa yeni yoluxmaların sayı azalır. Lakin mövcud vəziyyət bizi arxayın etməməli, əksinə məsuliyyətimizi bir qədər də artırmalıdır.

Çünki Hindistanın misalında yoluxmanın qısa müddətdə həndəsi silsilə ilə artmaq nümunəsini görə bilərik. Hazırda mövcud vəziyyəti qoruyub saxlamaq üçün dövlət və vətəndaşın üzərinə ayrı–ayrı vəzifələr düşür. Dövlət tərəfindən vaksinasiya tədbirləri həyata keçirilir, yoluxmanın artırlmsaına səbəb ola biləcək kütləvi tədbirlərin keçirilməsinin qarşısı alınır və s.

Eyni zamanda hər bir vətəndaş da pandemiya ilə mübarizədə aktivlik göstərməklə, vətəndaşlıq borcunu yerinə yetirməlidir. Vaksinasiya qoşulmaq, ictimai nəzarətə töhfə vermək və digər fərdi nümunələr ilə sağlamlığımızı qorumaqla bərabər yaxınlarımızın da həyatını qoruya bilərik.

Bəzi hallarda gizlin toy və nişan məclislərinin təşkili, idman zallarının fəaliyyət göstərməsi təəssüf doğuran hallardır. Bu faktlar yoluxma hallarının artmasında rəvac verən amillərdəndir.

Ramazan bayramında bir həftə qeyri iş günü olmasını da düzgün dəyərləndirmək lazımdır.

Kütləvi toplaşmalar və səfərlərə çıxmaq yoluxma təhlükəsini bir neçə dəfə artıra bilər. Bu cür qeyri ciddi yanaşma özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığı üçün təhlükəlidir.

Uzun müddətdir davam edən pandemiya şəraiti insanların psixologiyasına da mənfi təsir edib. Lakin alterativ variantın olmadığını nəzərə alsaq, sağlamlığımızın qorunması üçün məsuliyyətli olmağa borcluyuq”, – deyə Cəsarət Hüseynzadə bildirib.