Sumqayıtda sağlamlıq imkanları məhdud gənclərlə tədbir keçirildi

657

Sosialmedia.az bildirir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Park ərazisində açıq hava şəraitində mövcud pandemiya qaydalarına uyğun olaraq əlilliyi olan gənclər arasında rəsm, əl işlərindən ibarət sərgi və dama yarışı təşkil olundu.

Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramınından irəli gələn məsələlərin həlli, sosial müdafiəyə ehtiyacı və əlilliyi olan gənclərin ölkənin ictimai-mədəni, idman həyatında iştirakının təmin edilməsi, bu kateqoriyadan olan gənclərin bacarıqlarının üzə çıxarılması, dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə təşkil edilmişdi.

“28 may – Respublika günü”nə həsr edilmiş sərgidə “Vətənpərvərlik”, “44 günlük müharibə”, “Milli-mənəvi dəyərlərimiz” mövzuları olmaqla rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə kimi əl işlərindən ibarət ümumilikdə 28 əsər nümayiş olunmuşdur. Tədbir çərçivəsində eyni zamanda əlilliyi olan gənclər arasında dama yarışıda keçirildi.

Sonda sərgi və dama yarışı iştirakçılarına və qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edildi.