Teymur Rəcəbov bu gün dünya çempionu ilə qarşılaşacaq

316

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da bu gün yarımfinal görüşləri keçiriləcək.

1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə üz-üzə gələcək. Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq.

İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So ilə rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.

Yarımfinal

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov (Azərbaycan)

Uesli So (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.