“ Gənc muzeyşünaslar“şəhid ailələrini ziyarət edir

675

“ Gənc muzeyşünaslar“şəhid ailələrini ziyarət edir.

Vətən müharibəsinin qazi və şəhid ailələrini ziyarət edənlərin arasında onlar da var .

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən könüllü tələbələrdən ibarət ”Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvlərindən Şahnaz Hümbətova və Nəzrin Bağırova ilə birgə ideya müəllifi və layihə rəhbəri olduğum , “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Şəhriyar Qasımovun ailəsi ilə görüşdük.

Bu sözləri Sosialmedia.az -a
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi –kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərova məlumat verib.

Layihənin əsas məqsədi Vətən müharibəsində övladlarını, doğmalarını şəhid vermiş ailələlər, vətən yolunda öz sağlamlığından keçmiş qazilərimizlə görüşlər təşkil etmək, onların xatirələrini dinləmək və şəxsi əşyalarını toplayıb muzeydə həm qoruyub-saxlamaq, həm də təbliğ etməkdir.

Biz Şəhriyar Qasımovun ailəsi ilə görüş zamanı onun xatirə əşyalarından yaradılmış guşə ilə yaxından tanış olduq. Aldığımız məlumata görə, Qasımov Şəhriyar Vəzir oğlu 7 noyabr 1995-ci il tarixində Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olmuş, 2002-ci ildə Bərdənin Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində birinci sinifə getmişdir.

Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar o, orta təhsilini 2013-cü ildə Binəqədidəki şəhid Rövşən İmanov adına 205 saylı tam orta məktəbdə başa vuraraq, həqiqi hərbi xidmətə çağrılmışdır.

Hərbi xidmətə Tovuz rayonunda başlamış, xüsusi fərqləndiyinə görə, ona kiçik çavuş rütbəsi verilmişdir.
Hərbi xidməti başa vurduqdan sonra, yəni 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Binəqədi rayonundakı filialında işləməyə başlayan Şəhriyar, eyni zamanda, 2020-ci ildə təhsilini artırmaq üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olmuşdur. Bütün bunlara baxmayaraq, o, hələ qismən səfərbərlik elan edilməmişdən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Nərimanov rayon şöbəsində könüllü kimi qeydiyyatdan keçmişdir.
Demək olar ki, onun bütün arzularının başında Qarabağın işğaldan azad edilməsi və Xocalının qisası dururdu. Xocalı qətliamı, hər kəs kimi, onun da yaddaşına ağrılı-acılı məqamlar kimi həkk olunmuşdu.

Torpaqlarımızın düşmən tapdağında olması onu rahat buraxmırdı. Vaxtı, zamanı gələndə düşməndən qisas alıb bu yolda şəhid olacağına inanırdı.

Ailəsi və yaxınları ilə söhbət zamanı məlum oldu ki, Şəhriyar ən yüksək zirvəni – şəhidliyini hələ məktəb illərindən azulayırmış. Sanki bir gün o zirvəyə ucalacağını bilirmiş. Buna görə ailəsini də o gün üçün hazırlayırmış. Belə ki, könüllü olaraq müharibəyə getmək isdədiyini anasına bildirib.

Anası çəkinə-çəkinə “sən ailənin tək oğlusan, birdən sənə nəsə olar”,-deyib. O da anasının boynunu qucaqlayıb deyib: “Ana, mən ölməyə yox, öldürməyə Xocalının qisasını almağa gedirəm!” Vətən müharibəsi başlayan zaman, daha doğrusu, ötən il sentyabrın 29-da bütün arzuları çin olmuş kimi, yüksək əhval-ruhiyyə ilə cəbhəyə yollanmışdı.

Gözlədiyi anı dəyərləndirərək, Cəbrayıl, Zəngilan, Qubadlı və Füzulu rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə kəşfiyatçı-sinayperçi kimi böyük rəşadət göstərmişdir. Özünü yüksək amallara kökləyən, Vətəni və bayrağı uğrunda canından keçməyə hazır olan, Qarabağı görməyən, lakin Qarabağ sevdalı minlərlə gənclərdən biri idi Səhriyar!

Cəbhəyə gedərkən özü ilə bayraq aparıb. Bəlkə də o bayrağı Qarabağın ən yüksək zirvəsinə sancmaq üçün götürmüşdü! Təssüf ki, yanına atılmış düşmən mərmisinin partlaması nəticəsində 2020-ci il oktyabrın 26-da şəhidlik məqamına yüksəldi. 25 yaşlı bu gənc, bütün arzuları ilə birgə uğrunda canını verdiyi üçrəngli bayrağa bükülərək geri döndü.

Ancaq arzuladığı, Vətən və millət yolunda canından keçənlərin fəth etdiyi ən yüksək və şərəfli zirvəyə ucaldı.

Azərbaycanın ərazi büttövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020 ci il tarixli sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.

Şübhəsiz ki, öz əməlləri ilə bu dövlətin şərəfli tarixini xalqın qan yaddaşına qızıl hərflərlə həkk etmiş qəhrəmanlarımız dünya durduqca yaşayacaq, var olacaq, unudulmayacaq. Onlar bizim niskilimiz, kədərimiz, ürək ağrımız olsa da, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz və örnəyimizdir! Hesab edirəm ki, Şəhriyar Qasımov timsalında, torpaqlarımızın bütövlüyü uğrunda canlarını düşmən gülləsinə sipər edən saysız-hesabsız qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi gələcək nəsillər üçün böyük bir məktəb olacaq.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm, tarixi zəfərin nümaiş edilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində yaradılan Vətən müharibəsi fondunda toplanmış I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə məxsus, döyüşdən qalan xatirə əşyaları içərisinə şəhid Şəhriyar Qasımovun da xatirə əşyaları daxil olmuşdur. Ruhunuz şad olsun, şəhidlərimiz:

“Qarabağ Azərbaycandır”!