“Mədəniyyətin və milli ənənələrin təbliği” ictimai birliyinin – BƏYANATI

189

Sosialmedia.az xəbər verir ki,Mədəniyyətin və milli ənənələrin təbliği ictimai birliyi bəyanat yayıb. Bəyanatda deyilir:

04.06.2021-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Azərbaycan Respublikasının Kəlbəcər rayonunda peşəkar vəzifələrini yerinə yetirərkən AzərTac-ın xüsusi müxbiri İbrahimov Məhərrəmin, AzTV-nin operatoru Abışov Siracın və onlarə müşayiət edən yerli icma nümayəndəsi Arif Əliyevin minaya düşərək həlak olmaları xəbəri hər kəsi sarsıtdı. İctimai birlik həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və hər birinə səbr diləyir.

Qəti əminliklə bəyan edirik ki, dinc və mülki insanların həlak olması ilə nəticələnən bu cür hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan hakimiyyətinin üzərinə düşür. Rəsmi İrəvanın 30 ilə yaxın bir müddətdə işğal altında saxadığı tarixi Azərbaycan torpaqlarında minalanmış sahələrin xəritələrini bugünə qədər Azərbaycana verməməsi belə faciələrə səbəb olur. Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin Ermənistan hökumətinə minalanmış sahələrin xəritələrini Azərbaycan tərəfinə təhvil verməsi ilə bağlı təzyiq göstərməməsi, bu məsələyə laqeyd və biganə yanaşması nəticədə günahsız insanların həlak olmasına gətirib çıxarır.

“Mədəniyyətin və milli ənənələrin təbliği” ictimai birliyi bütün ölkələrin hökumətlərini, beynəlxaq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistan hökumətinə təzyiq göstərməyə və minalanmış sahələrin xəritələrinin Azərbaycana təhvil verilməsinə nail olmağa çağırır.

“Mədəniyyətin və milli ənənələrin təbliği”

ictimai birliyi