Ərdoğanın Şuşada İrəvana çağırışının mahiyyəti – Müsahibə

124

Sosialmedia.az bildirir ki, Politoloq Elxan Şahinoğlu dövlət başçılarının Şuşa görüşü və son hadisələrlə bağlı müsahibə verib. Axar.az-a həmin müsahibəni təqdim edir:

– Elxan bəy, dünən imzalanan Şuşa Bəyannaməsini necə dəyərləndirirsiniz?

– Əslində belə bir razılaşmanın olacağını gözləyirdik. Gözlənildiyi kimi də oldu. Tarixi Şuşa Bəyannaməsi ilə Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyə təminatı altına alınmış oldu. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağa istənilən hücum cəhdinin qarşısında bundan sonra Azərbaycanla yanaşı, Türkiyə də olacaq. Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək. Türkiyənin Şuşada açacağı Baş konsulluğu tarixi şəhərimizin təhlükəsizliyinə faydası olacaq. İndi Türkiyə ilə birgə Qarabağdakı birgə fəaliyyətimizi o nöqtəyə gətirməliyik ki, 5 ildən sonra bölgədə rusiyalı hərbçilər də qalmasın.

– Türkiyənin Qarabağda hərbi bazalar yarada biləcəyi məsələsinə toxundunuz. Amma sənəddə hərbi bazalar haqqında heç nə yoxdur…

– Bəli, bəyannamənin heç bir yerində “hərbi baza” ifadəsi yoxdur, ancaq Azərbaycanın və Qarabağın Türkiyənin təhlükəsizliyinin təminatı üçün ayrı hansı alətdən istifadə etmək olar? Hərbi bazalar mövzusunu cəmiyyət olaraq gündəmdə saxlamalıyıq ki, bu məsələ də reallaşsın və rusiyameyilli güclər bizə mane ola bilməsinlər. Şuşa azad olunandan dərhal sonra “Şuşada Türkiyənin konsulluq binasının olması vacibdir” fikrimi də qəribçiliyə salanlar və inanmayanlar var idi.

– Cənab Ərdoğan Şuşadan Ermənistana əvvəlki çağırışını təkrarladı. Sizcə, rəsmi İrəvan Ankaranın bu çağırışına cavab verəcək?

– Məsələ ondadır ki, Ermənistanın bu çağırışa əməl etməsi hər şeydən əvvəl onun özü üçün faydalıdır. Yəni regionda gərginliyi daim artırmaq heç kəsə, elə Ermənistanın özünə də sərf etməz. Türkiyə Cümhurbaşqanı bununla mesaj verdi: Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanıyarsa, sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər; Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə, özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır.

Ermənistanda formalaşacaq yeni hökuməti gözləmək lazım gələcək. Ancaq seçkidən sonra xaosun davam edəcəyinin, hətta qarşıdurmaların da şahidi ola bilərik.

– Bəs Ərdoğanın Ermənistana çağırış edərkən Rusiya Prezidenti Vladimir Putini xatırlatması…

– Əslində Ərdoğan Putinə çağırış etdi ki, Ermənistana ağıl versin. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması zərurəti ilə bağlı cümlə yer alıb, yəni Ermənistan çağırışa müsbət cavab verməsə, bu məsələ onun iştirakı olmadan da bölgə ölkələrinin xeyrinə həll olunacaq.