Qərar İrəvanındır: intiharı da seçə bilər – Video

290

Qədim şəhərimiz Şuşada Türkiyə və Azərbaycan arasında 15 iyunda imzalanan Şuşa Bəyannaməsi həm türk, həm də dünya tarixinə qızıl hərflərlə yazılacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Nurəddin Parıltı deyib. Alimin sözlərinə görə, bəyannamə ölkələrimizin inkişafında yeni tarixi dövrün başlanğıcı və hədəflərimizə çatmaq yolunda yol göstəricisi olacaq:

“Bəyannamənin imzalanması qarşımızda yeni və möhtəşəm bir səhifə açdı. Əlbəttə, anlaşmanın çox böyük siyasi əhəmiyyəti olduğu qədər, iqtisadi əhəmiyyəti də var. Statistik məlumatlara görə, keçən il ölkələrimiz arasında olan ticarət dövriyyəsi 4,2 milyard dollar civarında olub. Ancaq bu rəqəm ölkələrimizin potensialından çox azdır”.

Alimin sözlərinə görə, prosesin əsası keçən əsrin 90-cı illərindən etibarən beynəlxalq enerji layihələri ilə qoyulub, Zəngəzur dəhlizinin açılması ilə isə bölgənin və dünyanın iqtisadi mənzərəsi müsbət yöndə dəyişəcək:

“Əslində proses Türkiyə və Azərbaycanın transmilli enerji layihələrini həyata keçirməsi ilə başlayıb. Gürcüstanın da prosesə daxil edilməsi ilə Cənubi Qafqazın rifah bölgəsinə çevrilməsinin zəmini formalaşdırılıb. Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılması bu prosesin zirvə nöqtəsi olacaq. Azərbaycanın Naxçıvanla quru və dəmir yolu ilə birləşməsi qədim İpək Yolunun yenidən canlanmasına gətirib çıxaracaq. Uzaq Şərqdən başlayan yol Orta Asiyanın türk dövlətlərinin, Xəzər dənizinin, Azərbaycanın və Türkiyənin üzərindən Avropaya, Orta Şərqə, Aralıq dənizinin üzərindən Afrikaya, İranın üzərindən isə Fars körfəzinə və Pakistana qədər uzanacaq. Eyni zamanda əks istiqamətdə Əfqanıstan üzərindən də ticarət yolları açılacaq. Regionun Çin və Rusiya üzərindən Sakit okeana da çıxışı olacaq. Gələcəkdə Azərbaycanın və Orta Asiyanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması prosesinə Türkiyənin Qara dənizdə yeni kəşf etdiyi təbii qaz ehtiyatlarının satışı da əlavə olunacaq. Yəni burdan bütün tərəflər qazanacaq. Özünün təbii gözəllikləri və ehtiyatları ilə isə Qarabağ böyük və önəmli bir iqtisadi cazibə mərkəzinə çevriləcək”.

Professor Ermənistanın indiki mərhələdə iki tarixi seçim qarşısında qaldığını bildirdi:

“Əlbəttə, burda Ermənistan ağıllı hərəkət etməlidir. Onun qarşısında iki yol var. Bunlardan birincisi odur ki, Ermənistan özünün işğalçı iddialarından və sərsəmləmələrindən birdəfəlik imtina edib qarşılıqlı hörmət prinsipi çərçivəsində qonşuluq siyasətinə keçməli, inkişaf yolunu seçməlidir. İkincisi isə sərsəmləmələrə davam etməklə hər şeydən təcrid olunmaqdır. Bu, intihara bərabər bir seçimdir”.

N.Parıltı yaxın gələcəkdə Türkiyə və Azərbaycanın dünyanın iqtisadi və siyasi mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb:

“Ümumiyyətlə isə burda ən önəmli məqam bütün sadalanan çoxşaxəli proseslərdə Türkiyə və Azərbaycanın mərkəz rolunu oynamasıdır. Şuşa Bəyannaməsi gücümüzə güc qatacaq, beynəlxalq aləmdə mövqeyimizi möhkəmləndirəcək”.