Yaşlılara psixoloji yardım: Problemlər və perspektivlər

714

Gənc yaşda olarkən çətin vəziyyətdən çıxmaq və streslə mübarizə aparmaq asandır. Lakin yaşa dolduqca insan daha həssas, kövrək, bir çox hallarda isə tamamilə müdafiəsiz olur. Bəzən yaxınlarının sadə diqqət və qayğısı da onun üçün təsəlliyə çevrilir. Bu zaman yaşlı insana ixtisaslı psixoloji yardımla bağlı müraciət həm onun, həm də doğmaları və yaxınları üçün düşünülmüş və həlledici addım kimi qəbul edilir.

Sosialmedia.az bildirir ki, Psixoloji yardıma ehtiyac xüsusilə yaşlı insan maliyyə problemləri və tənhalıqla üzləşdikdə, sağlamlıq durumu çətinləşdikdə və həyat rəngarəngliyi itirildikdə duyulur.
Məlumdur ki, ahılların əksəriyyəti əmək qabiliyyətini itirdikləri səbəbdən nadir hallarda özlərini maddi baxımdan təmin etmək imkanına malik olurlar. Doğmaları və yaxınlarının maliyyə yardımı və dövlət qurumlarının sosial dəstəyi heç də həmişə onların sosial durumunun yaxşılaşdırılması üçün kifayət etmir. Həyat keyfiyyətinin pisləşməsi yaşlı insanın sabaha ümidini azaldır və bu vəziyyətdə onun həyacan, təşviş və qorxu hissini dəf etmək üçün psixoloqla ünsiyyətinə böyük ehtiyac duyulur.
Təqaüdə çıxmaqla fəal həyat tərzini itirmiş ahılın ünsiyyət dairəsi kəskin daralır, ömür-gün yoldaşını itirənlər isə tənhalıqda ətraf mühitdə baş verənlərə maraqlarını itirir, təcrid olunur və özlərinə qapanırlar. Bu halda sosial və məişət tənhalığının psixi və emosional pozuntular, depressiya kimi neqativ nəticələri yalnız psixoloji yardım vasitəsilə aradan qaldırıla bilər.
Bir çox xroniki xəstəliklər insanın özünə qulluq etmək qabiliyyətini əlindən alır. Bu halla üzləşən yaşlılar əsəbi olur, yersiz qıcıqlanır, hər kəlmədən incimiş olurlar ki, bu da onların doğma və yaxınları ilə ünsiyyətini çətinləşdirir. Bu halda da psixoloqla söhbət yaşlı insanın ətrafdakılarla ünsiyyətini qarşılıqlı anlaşma əsasında qurmağa imkan yaradır.
Psixoloq yaşlı insana mühüm bir məsələnin həllində də – yeni həyat tərzinə uyğunlaşmaqda, cəmiyyətdə yeni roluna alışmaqda, qocalma prosesində qaçılmaz dəyişiklikləri dərk etməklə həyatına yeni nəfəs verməkdə yardımçı ola bilər.
Yaşlı insanın gerçəklik anlayışı dəyişir, psixoloji sabitliyi pozulur, hərəki aktivliyi çətinləşir, yaddaşı və diqqət konsentrasiyası zəifləyir. Üstəlik, ahıllarda bu proseslərin gedişatı müxtəlifdir. Yaşlılar həyat perspektivlərinə tamamilə fərqli baxırlar. Bütün bunlar onların gündəlik davranışlarında əks olunur, düşüncələri getdikcə bir çox nailiyyətlər və parlaq hadisələrlə zəngin keçmişə yönəlir. Ahıl psixoloji olaraq, belə demək mümkünsə, fiziki sonluğa hazırlaşır. Düşüncə və duyğuları bu cür əhvalla köklənmiş yaşı insana psixoloji yardım xüsusilə vacibdir.
Psixoloqlar yaşlı insanları iki qrupa bölürlər: neqativ enerjili ahıllar və pozitiv enerjili yaşlılar. Birinci qrupa aid olanlar adətən özlərini lazımsız və həyata şəxsi baxışlarını köhnəlmiş hesab edirlər. Yersiz deyingənlik, xəsislik, məntiqsiz iradlar və ittihamlar onların xüsusiyyətidir. Bu halda onların və yaxınlarının psixoloqa müraciəti hər iki tərəfin qocalıq dövrünə münasibətinin dəyişilməsində mühüm rol oynaya bilər. İkinci qrupa böyük həyat təcrübəsinə və müdrikliyinə görə ətrafdakıların hörmətini qazanmış, fikirləri və məsləhətləri nəzərə alınan, intellektual və yaradıcı potensiala malik olan və özünü xoşbəxt hiss edən nikbin, xoş əhvallı yaşlılar aid edilir.
Uzun illər ahıl və tənha insanlarla ünsiyyət quraraq onların psixoloji problemləri ilə məşğul olmuş mütəxəssislərin fikrincə, qocalma prosesinin müəyyən davranış xüsusiyyətlərinə malik aşağıdakı növləri mövcuddur:
1) Reqressiya – təqaüdçü keçmiş davranışına qayıdır – sağlamlıq vəziyyəti öz-özünə qulluq etməsinə imkan versə də, uşaq kimi ətrafdakılardan kömək gözləyir;
2) Qaçış – ahıl qocalıqdan və onun yaratdığı problemlərdən qurtulmağa, başqalarını özündən uzaqlaşdırmağa çalışır, evdən çıxır, yaşayış yerini dəyişir;
3) Təcridolunma – yaşlı insan cəmiyyətdən təcrid olunur, ailənin həyatında fəal mövqe tutmaqdan çəkinir;
4) Diqqəti cəlbetmə – öz varlığını sübut etmək üçün daim ətrafdakıların diqqətini özündə cəmləşdirməyə çalışır;
5) Fəallıq – ahıl səhhətindən və əhvalından asılı olmayaraq, ictimai həyatda baş verənlərdən xəbərdar olmağa, asudə vaxtını səmərəli keçirməyə çalışır, yeniliklərlə maraqlanır, əmək fəaliyyətini davam etdirir.
Bir sıra subyektiv amillərdən və tətbiq olunan şərtlərdən asılı olaraq, bu qruplara aid yaşlılardan hər hansı birinin davranışı həm sakit, digərlərinə narahatlıq yaratmadan, həm də təlatümlü, əsil üsyan şəklində davam edə bilər. Buna görə yaşlılara adekvat psixoloji yardım onlardan hər birinin sosial vəziyyəti, maddi durumu, mənəvi dəyərləri və psixi xüsusiyyətləri haqqında məlumatın əldə edilməsini və bu məqsədlə onun qohumları ilə ünsiyyət qurulmasını tələb edir.
Yaşlılara psixoloji yardımın aşağıdakı üsulları mövcuddur:
– Psixoloji maarifləndirmə. Yaşlı insanların qarşılaşdıqları çətinlikləri, davranış xüsusiyyətlərini əks etdirən xüsusi ədəbiyyatın öyrənilməsini nəzərdə tutan bu üsul əlçatan olsa da, hər bir insana fərdi yanaşmağa imkan vermir;
– Peşəkar mütəxəssis məsləhəti. Yaşlılarla işləyən psixoloq pasientin öz yaşı, həyat tərzi ilə bağlı fikirlərini genişləndirməsində köməklik göstərir, ona qocalığa pozitiv nöqteyi-nəzərdən baxmasına imkan verə biləcək mümkün perspektivləri açıqlayır. Bu halda yaşlı insanın özünəməxsus psixoloji problemlərindən və qorxularından qurtulmasına kömək edən fərdi yanaşma təmin edilir;
– Qruplarda iş. Yaşlıların maraq dairəsi və tələbləri nəzərə alınmaqla qruplarda kommunikativ treninqlər, yeni həyat tərzinə uyğunlaşma üzrə məşğələlər, birgə gəzintilər, ekskursiyalar, kino və teatr tamaşalarına baxış, bayram və ad günü tədbirləri təşkil edilə bilər.
Yataqda olan yaşlı insanlara isə psixoloji yardım tamamilə fərqli olmalıdır. Gündən-günə artan fiziki məhdudiyyət və ağrılar, çarəsizlik və dəyərsizlik hissi onlara əzab verir. Bütün bunlar daimi stres vəziyyətinin yaranmasına, ümidsizliyə və depressiyaya səbəb ola bilər. Bu halda bədənin biokimyəvi tənzimləmə sistemi aktivləşir ki, bu da psixosomatika – səhhətin pisləşməsi və yeni ağrıların yaranması ilə ifadə olunur. Fiziki fəaliyyətini tamamilə və ya qismən itirmiş yaşlı insanlara psixoloji yardım xəstənin müalicəsindəki kiçik nailiyyətlərə diqqət yetirməsinə kömək etməkdən, özünə inam yaratmaqdan, qorxu hissini dəf etməkdən, onu bədbinlikdən uzaqlaşdırmaqdan ibarətdir.
Göründüyü kimi, yaşlı və tənha insanlara psixoloji yardımla bağlı problemlər kifayət qədərdir və onların həlli istiqamətində həm dövlət qurumları, həm də ictimai təşkilatların birgə fəaliyyəti olduqca önəmlidir. Əhaliyə tibbi xidmət göstərən səhiyyə müəssisələrinin psixoloji yardım mərkəzləri ilə, yaşlı insanların müayinə və müalicəsini həyata keçirən həkimlərin təcrübəli psixoloqlarla əməkdaşlığı bu sahədə mövcud problemlərin həllinə güclü təkan verə bilər.
Ölkəmizdə ailə həkimi institutunun təşəkkül tapması, əhaliyə tibbi xidmətin yeni formada təzahür etməsi həssas əhali qruplarının, o cümlədən ahıl və tənha insanların sağlam həyat tərzinin təmin edilməsi istiqamətində atılan hər bir addıma məqsədyönlü və kompleks şəkildə yanaşmanı tələb edir. Ümid edirik ki, ölkəmizdə tibbi sığortanın tətbiqi, ailə həkimi institutunun formalaşması kimi yeniliklər yaşlı insanların sağlamlığının qorunması, onlara yüksək səviyyədə psixoloji yardım göstərilməsi ilə bağlı xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək, psixoloji mərkəzlərin və ahıllara xidmət göstərən mütəxəssislərin ixtisaslaşmasına, son nəticədə “ailə psixoloqu” anlayışının gerçəkləşməsinə şərait yaradacaqdır.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri