Ayaz Hüseynov Milli Hematologiliya və Transfuziologiya Mərkəzinin fəaliyyətini qiymətləndirdi

1100

Sosialmedia.az bildirir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyəti ilə bağlı vəziyyəti öyrənmək üçün QHT.az Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovdan müsahibə alıb.

23 dekabr 2019-cu il tarixdə cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Mərkəzinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2020-ci ildən əvvəlki durumun çox ağır olduğunu bildirib:

“Məhz Milli Hematologiya və Transfuziologiya Mərkəzi təsis edilənə qədər hemofiliya və digər laxtalanma pozğunluğundan əziyyət çəkən insanların durumu qənaət bəxş deyildi. Belə ki, hemofiliyalı pasientlərin müalicəsində əvəzsiz olan qanın laxtalanma faktor preparatları beynəlxalq kriteriyalarla minimal təchizat 2 dəfə aşağı idi.

Baxmayaraq ki, hemofiliya xəstəliyi üzrə Dövlət Proqramı mövcuddur. Buda o deməkdir ki, pasientlərin yalnız sağ qalma məqsədi ilə istifadə edilən laxtalanma dərman preparatları profilaktikaya yetmirdi və bunada görə uşaqların əksəriyyətinin oynaqlarında fəsadlar müşahidə olunur. Hal bu ki, normal dərman təchizatı olsa, pasient tam olaraq sağlam və heç bir fəsadsız həyat sürə bilər. “

Təşkilat sədri bildirib ki, 2020-ci ilin əvvəlində Milli Hematologiya və Trasfuziologiya Mərkəzi yarandıqdan sonra 2006 -ci ildən maliyyələşən Hemofiliya üzrə Dövlət Tədbirlər Planı Milli Hematologiya və Trasfuziologiya Mərkəzinə təhvil verilmişdir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov prosesə başlanandan dərhal sonra ilk dəfə Milli Hematologiya və Trasfuziologiya Mərkəzinin icraçı direktoru Dr. Valeh Hüseynovla görüşdüyünü bildirir: “ Görüş zamanı mövcud Hemofiliya və digər qanda laxtalanma pozğunluğu ilə olan pasientlərin durumu haqda Valeh müəllimə ətraflı çatdırılaraq Assosiasiya tərəfindən beynəlxalq kriteriyalara uyğun Təkliflər Paketi təqdim edildi. Artıq o gündən sonra Dr. Valeh Hüseynovun peşəkarlığı və yüksək savada malik olması və yüksək səviyyədə idarəetmə bacarığı bizim üçün aydın oldu. Beləki, 2020-ci ildə Hemofiliyalı pasientlər üçün dövlət proqramı çərçivəsində maliyyələşən laxtalandırıcı dərman preparatlarının səviyyəsi keçən illərlə müqaisədə ən pik həddə çatdırıldı. Məqsəd qoyuldu ki, uşaqlar həqiqi profilaktikaya götürülsün. Həyati vacib qanın laxtalandırıcı preparatlarının regionlara çatdırılması pasientlərin həyat keyfiyyətini 180 dərəcə dəyişdi.

Bir pasientin həyat hekayəsini diqqətə çatdıran Ayaz Hüseynov qeyd edir ki, əgər 2-ci qrup əlilliyi olan pasientin həyati vacib dərman preparatlarını əldə etmək üçün Şəmkirdən Bakıya il ərzində 27 dəfə gəlirdisə, buda o deməkdir ki, pasient qansızma nəticəsində kəskin ağrılarla 27.000 km qət edirdi. Lakin hazırda pasientin lazımi aylıq dərman dozası regional qan bankına çatdırılır. Bunların hamısına Dr. Valeh Hüseynov beynəlxalq kriteriyalara əsaslanaraq qısa müddətdə nail olmuşdur.

2021-ci ilin əvvəllərində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Milli Hematologiya və Trasfuziologiya Mərkəzində qeydiyyatda olan digər laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlər və onların valideyinlari arasında monitorinq aparıldı. Monitorinqin nəticəsi onu göstərir ki, məhz 2020-ci ilin ikinci yarısından etibarən pasientlərin özlərində, həkim xəstə münasibətlərində, Mərkəzin idarəçiliyi peşəkar səviyyədə qurulmasında və xəstəliklərin müalicəsində yüksək keyfiyyətli xidmətlər tətbiq olunur. Valideynlər bildirirlər ki, əvvəllər istəmədən və məcburən xəstəxanaya gedirdik, çünki hər dəfə ora gedəndə süni süründürməçiliklə üzləşirdik. İndi isə elə deyil. İndi Mərkəzə gedəndə bir inamla, bir ümidlə gedirik. Aparılan və görülən işlər ümidlərimizi doğrultma yönündədir.

Əlbətdə ki, hələdə pasientlərin müalicəsinin yaxşılaşdırılmasında görüləcək işlər çoxdur. Təkcə bizim üçün deyil, digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların müalicəsində əməli işlər görülür və əminik ki, Dr Valeh Hüseynov üzə çıxan bütün problemləri tədricən tez bir zamanda həll edəcək və biz Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası və Pasient Təşkilatları İttifaqı olaraq hər zaman dəstəyimizi göstərməyə hazırıq.

Qeyd edək ki, 1700 nəfərə qədər hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlarımız qeydiyyatdadır. Onlardan 200 nəfərə yaxın Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır, 1400-ə yaxın pasient isə Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Hematologiya şöbəsində qeydiyyatdadırlar.