Məişət zorakılığının qurbanının hüquqlarının, həyat və sağlamlığının müdafiəsi ölkədə ciddi problemdir-Asabəli Mustafayev

297

Məişət zorakılığının qurbanının hüquqlarının, həyat və sağlamlığının müdafiəsi ölkədə ciddi problem olduğundan və onun həlli üçün bütövlikdə cəmiyyətin müdaxiləsi zəruri olduğundan bu gün məşğul olduğum məsələ barədə burada yazmağı vacib saydım.

Sosialmedia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Asabəli Mustafayev deyib.

O,qeyd edir ki, Sumqayıt şəhər məhkəməsində hüquqlarını müdafiə etdiyim qadının başına gələnlər haqqında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira xanım bu yaxınlarda öz statusunda yazmışdır.

Mən və Ruslan bu QHT tərəfindən yönəldilən şəxslərə pulsuz hüquqi yardım göstəririk (aydındır ki,əvəzi ödənilməyən, əksinə xərc tələb edən işləri ancaq həyat yoldaşına və ya oğula həvalə edilər). Həmin qadının (bundan sonra A.Ə. adlandıraq) keysi qısaca belədir.

Əri tərəfindən mümtəzəm döyülməyə və təhqirlərə dözməyən A.Ə. faktiki ayrılarq kirayə ev tutaraq orada yaşayır və boşanma üçün məhkəməyə müraciət edir.

Faktiki ayrılmaqlarına baxmayaraq əri onun yaşadığı evə gələrək və ya küçədə saxlayaraq onu döyməyə və təhqir etməyə davam edir. Zenfira xanımın köməyi ilə qadına bu ilin 24 iyun-24 iyul dövrünü əhatə edən qısamüddətli mühafizə orderi verilir.

Bu orderdən xəbərdar olan əri həmin dövrdə A.Ə-nı təqib etməkdən çəkinir. Orderin qüvvədən düşməsindən 1 həftə keçməsini gözləyən əri 03 avqust tarixində öz bacısı ilə birgə A.Ə-nin kirayə yaşadığı həyət evinə gələrək onu və onunla birlikdə yaşayan böyük qızını döyüb təhqir edirlər. Döyən ərin karate üzrə məşqçi olması nəzərə almaqla A.Ə-yə yetirilmiş xəsarətlərin dərəcəsi barədə nəticə çıxarmaq olar.Çoxlu sayda qonşu bu hadisənin şahidi olur. A.Ə. bu hadisə barədə dərhal 102-yə və bizə məlumat verir.

Səhəri günü onu polis bölməsinə çağırıb izahatını alırlar və ekspertizaya göndərirlər. Ekspertiza onun bədənində çoxlu sayda xəsarət olması barədə rəy verir. Biz də qadına uzunmüddətli mühafizə orderi verilməsi üçün onun adından məhkəməyə müraciət göndəririk (təəssüf olsun ki, əvvəlki praktika zidd olaraq məhkəmə dövlət rüsumun ödənilməməsini əsas tutaraq ərizəni geri qaytarır). Gözləmək olardı ki, polis hadisənin şahidlərini dindirərək və ekspertiza rəyini əsas tutaraq cinayət işi başlayacaqdır.

Uzun müddət polis tərəfindən istintaq hərəkətləri aparılmadı və araşdırmanın gedişatı barədə A.Ə-yə məlumat verilmədi.Yalnız dünən polisdən qadına zəng edərək bildiriblər ki, ya əri və baldızı ilə barışır və onlar işi bağlayırlar, ya da onun özü barədə material məhkəməyə göndəriləcək. Qadın barışığa razılaşmadığı üçün polis tərəfindən materiallar bu gün Sumqayıt şəhər məhkəməsinə göndərildi. Mən vəkil qismində materiallar ilə tanış olanda məlum oldu ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə (döymə) 3 inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

Bunlardan biri A.Ə-nin əri tərəfindən, digəri baldızı tərəfindən döyülməsi, üçünci protokol isə…A.Ə-nin baldızını döyməsi barədə idi.İş materiallarına həmçinin A.Ə-nin döyülməsi şikayəti üzrə cinayət işinin başlanmasından imtina haqqında 23.08.2021-ci il tarixli qərar əlavə olunmuşdur.

Bu qərarın qəbulundan 8 gün ötməsinə baxmayaraq şikayətçiyə təqdim olunmamışdır.Bu protokollar inzibati xəta ilə bağlı olduğundan 3 hakim arasında bölüşdürüldüyü və hər biri üzrə proseslər ayrı-ayrılıqda keçirildi. Bu səbəbdən mən 3 order götürməyə məcbur oldum. İlk prosesdə hakimin yanaşmasından hiss etdim ki, onun məqsədi ya tərəfləri barışdırıb icraata xitam vermək, ya da hər birini, o cümlədən A.Ə-ni 200-300 manat həcmində cərimə etmək idi. A.Ə-ni döyən şəxslərin indi inzibati qaydada cəzalandırması gələcəkdə onların cinayət məsuliyyətinə cəlb olunmasını istisna edirdi. Bunun qarşısını almaq üçün mən öz arqumentlərimi səsləndirdim.

Sağ olsunlar hakimlər, mənim arqumentlərimlə razılaşdılar. Növbə ilə keçirilən hər üç prosesdə məhkəmələr materialların geri qaytarılması barədə qərar qəbul etdilər və bu qərarlarını materiallar üzrə araşdırma aparılmaması, tədqiqatçının qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək üçün bizə şərait yaradılmaması ilə əsaslandırdılar. Bu qurbanın işi üzrə bundan sonra görüləcək işlər:
1.Tədqiqatçının qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək. Şikayət təmin olunduğu halda araşdırmada vəkil qismində iştirak etmək.

Şikayət təmin olunmadığı halda ərizə ilə Avropa Məhkəməsinə müraciət etmək
2. Uzunmüddətli mühafizə orderi məsələsində apellyasiya şikayəti vermək. Təmin olunduğu halda birinci instansiya məhkəməsində vəkil qismində iştirak etmək. Təmin olunmadığı halda dövlət rüsumi ödəyərək yeni ərizə ilə məhkəməyə müraciət etmək.

Bunları yazmaqda məqsədim hər bir qurbanın müdafiəsi çoxlu sayda fəaliyyətdən ibarət olmasını göstərməkdir. Aydındır ki, qurbanların özlərinin bu fəaliyyətləri maliyyələşdirmək, hətta vəkilin orderi üçün ödəniş etmək imkanları yoxdur. Nə “Məişət zorakılığına qarşı” Qanun, nə də Mülki-Prosessual Məcəllə qurbanların müdafiəsi üzrə zəruri fəaliyyətlərin hüquqi, təşkilatı və maddi təminatını səmərəli təmin etmir.

Nə qədər ki, bu sahədəki qanunvericilik göstərilən vəziyyətdədir, bizdə məişət zorakılığının ağır nəticələri artacaqdır.