Biz 30 il işğal altında qalan və sonu zəfərlə bitən tarixdə qalacağıq – Səbinə Kərimova

2706

Şuşa 30 illik həsrət, 30 illik göz yaşı!
Nə vaxtsa Qarabağı görmək bizə nəsib olacaqmı deyə həmişə dostlar arasında danışardıq. Arzularımızı bölüşərdik qismət olsa Şuşanı azad görmək ora səyahət etmək, hətta yayda orda ev tutub dincəlməyi də arzu edərdik. Ancaq bu bir arzu idi, reallaşmasına inanmadığımız arzu.

Ancaq həmişə bir ümid işığı vardı qəlbimizdə bəlkə də… Keçən il sentyabr ayında ilk dəfə Bərdə və Ağdama Mətanət Əsgərqızının dəvəti ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə rayonlarda aztəminatlı,şəhid ailələrinə yardımlar paylamaq məqsədi ilə yola çıxdıq. Bərdəyə girişdə böyük yazı vardı və orda Laçın, Şuşa, Xankəndi qeyd olunmuşdu.Dedim bu yolla gedilir Qarabağa dedilər bəli çünki Bərdə Qarabağın giriş qapısıdır.Bərdə rayonundan sonra Ağdama getdik.İlk dəfə Ağdam rayonuna girəndə gördüyüm mənzərə məni sanki valeh etdi. Dedim Ağdamın girişi bu qədər gözəldir.Gör Qarabağ necə gözəldir . Dedim Mətanət xanım bizə Qarabağı görmək qismət olacağmı? O, mənə baxıb köks ötürdü dedi insallah.Mən söylədim mütləq o, gün olacaq mən buna inanıram. Düz 1 həftə sonra 44 günlük müharibəmiz başladı və biz qalib olduq.

İlk dəfə Ağdam səfərinə getmək üçün mənə zəng edəndə tərəddüd etmədən sevinərək hə dedim. Çünki mən həmin gecə etdiyim niyyətimin arxasınca gedirdim. Ağdamdan mənə ağ daşı hədiyyə edən QHT rəhbərimiz dedi ki, Ağdama gəlib balaca ağ daş aparmamaq günah olar. Ağdam səfərimizdən sonra Şuşa səfərinə dəvət… Bu artıq illərlə arzuladığımız arzumuzun ilk qığılcımları idi. Şuşa o, qədər doğma gəldi.Küçələri, evləri sanki elə burda doğulmuşam və burda böyümüşəm. Yolları ilə piyada gedəndə o hissləri yaşamaq bir başqa idi. Qarşıma cıxan iki yaşlı insandan siz Şuşalısız soruşdum. Onlar bəli bax qarşıdakı ev bizimdir dedilər. Bir anlıq onların burda çıxanda bəlkə də yaşları 30 olardı.İndi isə nənə,babadılar və xoşbəxt idilər ki, 30 ildən sonra evlərini ziyarətə gəliblər.

Kimlərsə deyirdilər Qarabağ unudulub və unutdurulub. Onu deyim ki, əsla unudulmamışdı və bütün xalqın beyninə və ürəyinə böyük həriflərlə illərlə yazılmışdı. Şuşaya görə bu qədər şəhid verməyə dəyərmi deyənlərə deyim bəli dəyərdi. Bir insan qidasız yaşaya bilər, ancaq ürəysiz yaşaya bilməz. Şuşa bizim Azərbaycanın döyünən ürəyidir və 30 il ürəysiz qalan bir insan sevə, normal yaşaya bilməzdi. Biz də yaşaya bilmirdik. Xoşbəxt ola bilmirdik çünki hər evdə şəhid, qazilərimiz vardı və işğalda qalan torpağlarımız bizə dağ idi. Artıq olanlar keçmişdə qaldı. Bu gün isə Zəfər yolu ilə zəfərimizə qovuşmuşuq. Buna görə ilk növbədə Azərbaycan xalqına, axıtdğımız qana, tökdüyümüz göz yaşına,şəhidlərimizə, qazilərimizə minnətdarıq. Əsas isə silahlı qüvvələrimizə və və Ali Baş Komandanımıza minnətdarıq. Bu yola birgə çıxdıq və zəfərlə geri qayıtdıq. Şuşa gözəldir və ona yalnız azadlıq yaraşır.

Qarabağımızda yenidənqurma işləri gedir və yaxın illər ərzində möhtəşəm Şuşanı görmək hər bir azərbaycanlıya qismət olacaq. Gələcək nəsillər bizim Qarabağ həsrətimizi biləcək ancaq onu yaşamıyacaqlar. Biz 30 il işğal altında qalan və sonu zəfərlə bitən tarixdə qalacağıq.

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”
İctimai Birliyinin sədri Səbinə Kərimova