Qeyri-adekvat mühitdə məşğulluq xəyalları – FOTOLAR

333

Təkərli arabadan istifadə edən Aysu Kərimli (ad şərtidir) 22 yaşındadı. Ən böyük istəyi qarşısındakı bütün əngəlləri aşaraq təhsil almaqdı. Bu il çox əzimlə çalışaraq kollecə qəbul olub. Gələcəyin mühasibidir. Üstəlik kompüter, xarici dil kurslarına yazılmaq niyyətindədir. Deyir, bunlar günün tələbidir. Gələcəkdə işə başlamaq və uğur qazanmaq üçün vacibdir:

“Mən bu il bir neçə ay çox gərgin çalışdım, imtahanlara hazırlaşdım. İstəyirəm gələcəyimi özüm qurum. Niyyətim kolleci yüksək nəticələrlə bitirib universitetə qəbul olmaqdır. Eyni zamanda xarici dil, kompüter kurslarına gedib öyrənmək istəyirəm. Əlilliyi olan şəxslər üçün belə pulsuz kurslar yaradılıb, çox sağ olsunlar. Ondan faydalanmaq istəyirəm. Ramanadakı Mərkəzdə (1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi nəzərdə tutulur) bir dəfə olmuşam. Yenə də gedib kompüter kursunda təhsil almaq istəyirəm. Ofis proqramlarını öyrənməyə qərarlıyam. İstəyirəm ki, hardasa işləyim. Mənim xəstəlik və əlillik tarixçəmdə ancaq ayaqlarımın hərəkətsiz olması barədə məlumatlar verilib və buna görə əlillik təyin edilib. Qoluma, başıma, ağıl qüsuruma görə verilməyib axı. Ona görə də düşünürəm ki, oturaq işlərdə işləyə bilərəm”.

“İşə girsəm, əlilliyimi alacaqlar?”

Həmin probleminə görə Aysuya I qrup əlillik təyin edilib. Bu səbəbdən gələcəkdə işlə təmin olunmasında problem yaşayacağı qorxusu da var. Ona görə bu məsələnin aydınlaşmasını istəyir: “Mənə deyirlər ki, I qruplar işləsə, qrupu dəyişdilir və ya pensiyası kəsilir. Bu nə dərəcədə doğrudu? Əgər iş verməyəcəklərsə, mən illərimi niyə təhsil almağa xərcləyim? Sonda əliboş qala bilərəm”.

Aysu üçün digər bir problem nəqliyyat, yol infrastrukturudur. Deyir, harasa getmək istəsəm, özüm sərbəst bacarmaram. Çünki yaşadığı ərazidə avtobuslar onun və digər əlilliyi olan şəxslər üçün müyəssər deyil. Yaşadığı binanın giriş-çıxışları, yollar, səkilər də təkərli arabalar üçün uyğunlaşdırılmayıb. Ancaq ümid taksilərədir, onların da xidmət haqqı çox bahadır.

Müyəssər olmayan yollara …

Bu məqamları demək olar ki, zaman-zaman bütün əlilliyi olan şəxslərin dilindən eşidirik. Hərəkət məhdudiyyəti olan şəxslərin əksəriyyəti Aysu kimi təhsil almaq, işləmək, cəmiyyətin bir üzvü kimi sosial həyatda fəal iştirak etmək istəyir. Lakin infrastrukturun onlar üçün müyəssər olmaması bu insanların həyatını daha da çətinləşdirir. Bu fikirləri İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Qubad Qasımov da bölüşüb. Onun sözlərinə görə, günümüzdə əlilliyi olan şəxslərin işləməsi üçün ən ciddi maneələrdən biri lazımi infrastrukturun olmamasıdır:

“Bu gün əlilliyi olan şəxslərin işləməsi çox böyük problemdir. Birincisi, onun evindən çıxması mümkün deyil. Xüsusilə, hündürmərtəbəli binalarda yaşayan əlillərin enib-qalxması üçün lift yoxdu və yaxud yaşadığı həyət, küçə onun üçün müyəssər deyil. İkincisi, nəqliyyatdan rahat istifadə edə bilmirlər. Xüsusilə, Bakıətrafı qəsəbə və kəndlərdə bu problem daha dərindir. Məsələn, biz Abşeron rayonunda yaşayırıq. Əlilliyi olan insanların oturaq işlərdə işləməsi üçün dəfələrlə müvafiq qurumlara, müəssisələrə müraciət etmişik. İlk növbədə, təklif olunan iş yerlərində əməkhaqqına diqqət yetirirdik. Bizə 600-700 manat maaş təklif olunurdu. Bu məbləğ hazırki əməkhaqları ilə müqayisədə kifayət qədər yüksəkdir. Ancaq həmin məbləği əldə etmək üçün əlillərin işə gedib-gəlməsi problemdir. Çünki Abşeronda təkərli arabalar üçün müyəssər olan avtobuslar yoxdur. Bu gün bir nəfər təkərli araba istifadəçisinin bir dəfə taksi ilə Masazırdan Bakı şəhərinə gedib-gəlməsi üçün 30 manat pul lazımdır. Bu da ay ərzindəki iş günləri üçün cəmi 660-700 manata qədər xərc edir. Belə olan halda həmin əlilliyi olan insanın haradasa işləməsi boş vaxt itkisi olacaq, heç nə qazanmayacaq”.

Bağlı qapılar, reallaşmayan vədlər

Q.Qasımov əlilliyi olan şəxslərin məşğulluğunda digər əngəl kimi şirkətlərin, dövlət qurumlarının onlara biganə münasibətini vurğulayıb. DOST mərkəzlərinə müraciətlərinin də nəticəsiz qaldığını bildirib:

“Oturaq işdə işləmək üçün yetərincə savadlı əlillərimiz var. Lakin yönəldilən qurumlarda sənədlərinə baxılmır, uzun vaxt itiririk. Layihələrə qoşulan əlillərin məşğulluğu məsələsi aylarla uzadılır və nəticədə yenə də işsiz qalırlar. BMT-nin layihəsi çərçivəsində əlilliyi olan şəxslər məşğulluq proqramına cəlb olundu və ondan yararlandılar. Ancaq 2 ildir ki, onlara aktivlər verilmir. Vaxtilə orada çalışan insanlardan soruşanda isə bildirirlər ki, artıq biz orada işləmirik, məlumatımız yoxdur. Yeni yaradılan DOST mərkəzləri əlilliyi olan şəxslərə doğma olan bir məkandır. Aramızda kompüter bacarıqları, xarici dil bilikləri olan əlillər var. Onların işə qəbul olunması üçün dəfələrlə müraciət etmişik, lakin biganədilər. Barmaq sayı qədər əlilliyi olan şəxsləri işə götürüblər. Qalanları yenə də işsizdir”.

I qruplara “yaşıl işıq”

Əlilliyi olan insanların məşğulluğu ilə bağlı problemlərin həddindən artıq çox olduğunu deyən Q.Qasımov onların fərdi qaydada xırda ticarətlə, bizneslə məşğul olmalarının da mümkünsüz olduğunu bildirib. Bir çox hallarda bunun üçün rəsmi qurumların onlara icazə vermədiyini, bankların kredit ayırmadığını qeyd edib:

“Xüsusilə, I qrup əlilliyi olan şəxslərə banklar kredit ayırmır. Özəl şirkətlər də əlilliyi olan şəxsləri işə qəbul etməkdə maraqlı görünmürlər. Eşitməsində problemi olan II qrup əlilliyi olan şəxs iş üçün müəssisəyə müraciət etdi. Əvvəlcə onu sürücü kimi işə qəbul etməyə razılaşdılar. Əlavə eşitmə aparatının olması tələb etdi. Adam 1200 manat borc pul tapıb həmin aparatı da aldı. Lakin ona bildirdilər ki, hələ vakansiyamız yoxdur”.

Yeri gəlmişkən, I qrup əlilliyi olan şəxslərin işləməsində əngəl olan məsələlərin çözülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin strukturuna daxil olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən həyata keçirilir: ” Qanunvericiliyə uyğun olaraq TSEK tərəfindən əlillik təyin edilən hər bir şəxsə elektron müraciətlər zamanı avtomatik olaraq əmək zəmanəti verilir. Elektron keçiddən əvvəl əlillik təyin edilmiş şəxslərə isə sonradan Agentlik tərəfindən əmək zəmanəti verilir. İşəgötürən tərəfindən elektron və ya yazılı formada əlilliyi olan şəxs barədə DTSERA-ya əmək zəmanəti ilə bağlı sorğu daxil olmalıdır. Agentlik tərəfindən xəstəliyin xarakteristikasına və əlillik vəziyyətinə uyğun olaraq şəxsə əmək zəmanəti verilir. Ancaq bəzi istisnalar da vardır. Məsələn ruhi-psixoloji pozuntuları olan, eyni zamanda əmək qabiliyyətini 100 faiz tamamilə itirən şəxslərə əmək zəmanəti verilmir”.

Təhsil almaq asandırmı?

İş yerlərində biganəlik halları digər müəssisələrdə də baş verib. Bu barədə danışan Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib ki, hətta əlilliyi olan şəxslərin bir müddət sonra bəhanə ilə işdən çıxarılmasına şahid olub:

“Bəzən müəssisələr əlilliyi olan insanları sevmədiyi üçün işdən çıxarırlar, ümumiyyətlə, yaxına buraxmırlar. Belə hallar da müşahidə edirik. Lakin əlilliyi olan insanlar öz işlərinə çox məsuliyyətlə yanaşırlar. Ona görə hətta digərlərindən daha yaxşı nəticə ortaya qoya bilirlər. Çünki onların özlərini təsdiq etmək istəyi daha yüksəkdir. Ona görə də işlərin onlara həvalə edilməsi daha məqsədəuyğun olardı”.

Əlilliyi olan şəxslərin məşğulluğunda digər əngəlin təhsil olduğunu deyən S.Kərimova burada bir neçə amilin rolunu qeyd edib. Bildirib ki, onların öncə normal orta təhsil alması üçün infrastruktur qurulmayıb. Digər tərəfdən bu məsələdə bütün yük valideynlərin üzərinə atılıb. Halbuki, bu məsələdə dövlətin dəstəyi, xüsusi iradəsi ortaya qoyulmalıdır. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil müəssisələrinə daha çox sayda cəlb olunması önə çəkilməlidir:
“Rəsmi qurumlarla görüşlər zamanı bizə bildirirlər ki, təhsil alan əlilliyi olan şəxsləri bizə yönləndirin, onların işlə təmin olunmasına kömək edək. Ancaq onlar nəzərə almırlar ki, əlilliyi olan şəxsin infrastrukturu icazə vermir ki, bu adam gedib təhsil alsın. Ancaq bu gün əlilliyi olan şəxslər üçün verilən vakansiyalarda kompüter bilikləri, xarici dil vərdişləri tələb olunur. Bunları bilmədikdə isə yenə də cəmiyyətdən kənarda qalırlar. Bəzi işlər var ki, orada xarici dil biliyi tələb olunmur, tək Azərbaycan dili kifayət edir”.

Çıxış yolu da var

S.Kərimova problemdən çıxış yolu kimi təklifini də səsləndirib. Onun fikrincə, fabriklərin, zavodların nəzdində əlilliyi olan şəxslər üçün xüsusi kurslar təşkil oluna bilər. Onlar orada tələb olunan işin xüsusiyyətlərini mənimsəyib elə həmin müəssisədə də işləyə bilərlər. Çünki orada dil biliyinə ehtiyac yoxdur. Birlik rəhbəri eyni zamanda əlilliyi olan şəxslərin məşğulluğuna dəstək üçün müəyyən kursların təşkil olunmasında QHT-lərə şərait yaradılmasını təklif edib.

Əlilliyi olan şəxslərin işlə təmin olunması məsələsinə Dövlət Məşğulluq Agentliyi də münasibət bildirib. Məşğulluq tədbirlərinin icrası zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə – şəhid ailəsi üzvləri, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər və keçmiş məcburi köçkünlərə üstünlük verildiyi açıqlanıb.

Əlilliyi olan şəxslər üçün kvotalar

Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, 2021-ci ilin 6 ayında 758 nəfər əlilliyi olan şəxs işlə təmin olunub: “Özünüməşğulluq proqramının, həmçinin, ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan qadınlardır. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə 800-ə yaxın əlilliyi olan şəxs üçün ailə təsərrüfatları yaradılıb və bu say artmaqda davam edir. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar sırasında 2300-ü əlilliyi olan şəxslərdir. Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə içərisində əlilliyi olan qadınların da olduğu 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsi çərçivəsində də Bakı, Salyan və Masallı rayonlarında əlilliyi olan qadınların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilir”.

Xatırladaq ki, əmək qanunvericiliyə əsasən, əlilliyi olan şəxslər üçün müəssisələrdə kvotalar müəyyən olunub. Kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:

– işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi,
– işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında,
– işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında kvota tətbiq edilir.

Dövlət Məşğulluq Agentliyi kvotaya əməl olunmasına il ərzində iş üçün göndəriş verilmə və ya işəgötürənin özünün işə qəbul etdiyi şəxslərə dair məşğulluq mərkəzinə elektron qaydada təqdim edilən məlumatlar əsasında, eyni zamanda “Təhlil” altsistemi vasitəsi ilə nəzarət edir.
Bələliklə, sadalanan problemlərin həlli istiqamətində dövlət qurumlarının daha aktiv olacağını gözləyirik.

Fərqanə Allahverdiqızı
jurnalist

P.S. Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ), “UNİVERSAL DİZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqda Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır.